Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Cənubi Afrika Səhiyyə Nazirliyi Atlantik okeanında üzən kruiz gəmisində nadir hantavirus şübhəsi ilə bağlı ciddi hadisə barədə açıqlama yayıb.




Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb, ən azı üç nəfər isə xəstələnib.




ÜST bildirib ki, araşdırmalar davam edir və indiyədək ən azı bir hantavirus yoluxması laborator şəkildə təsdiqlənib. Sərnişin və heyətin vəziyyəti yaxından izlənilir.

Yayılan məlumatlara əsasən, xəstələrdən biri Cənubi Afrikadakı xəstəxanalardan birində reanimasiyaya yerləşdirilib. ÜST isə simptomları olan daha iki nəfərin gəmidən təxliyəsi üçün yerli qurumlarla koordinasiyalı işləyir.




ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bildirir ki, hantaviruslar iki ağır sindroma səbəb ola bilər. Onlardan biri ağciyərləri zədələyən hantavirus ağciyər sindromu, digəri isə böyrəklərə təsir edən hemorragik qızdırma və böyrək sindromudur.




Virus əsasən gəmiricilər vasitəsilə yayılır və nadir hallarda onların dişləməsi və ya cızığı ilə də yoluxma mümkündür.




ÜST-nin açıqlamasında qeyd olunur:




“Atlantik okeanında üzən sərnişin gəmisi ilə bağlı ictimai səhiyyə hadisəsindən xəbərdarıq və vəziyyəti diqqətlə izləyirik. Laborator testlər və epidemioloji araşdırmalar davam edir. Sərnişinlərə və heyətə tibbi dəstək göstərilir, virusun genetik xüsusiyyətləri də araşdırılır”.




Xəstəliyin əsas əlamətləri arasında yüksək hərarət, şiddətli baş və əzələ ağrıları, bel və qarın nahiyəsində ağrı, halsızlıq və yorğunluq göstərilir.




Fidan Hacızadə

Sfera.az