İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrail və ABŞ-ın İrana qarşı birgə hərbi addımlarının Vaşinqtonun Avropadakı müttəfiqləri arasında fikir ayrılığı yaratdığını bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ-nin İrana qarşı tələsik və qanunsuz hücumu genişmiqyaslı nəticələrə səbəb olub.
Bu addımlar hətta əvvəllər ABŞ-nin yaxın müttəfiqi sayılan ölkələr arasında belə parçalanma yaradıb.
Bəqayi bildirib ki, bəzi Avropa rəsmiləri, xüsusilə Almaniya tərəfi, Vaşinqtonun hərbi kursunun region və Avropa üçün ciddi xərclər doğurduğunu etiraf edir.
İranın rəsmi nümayəndəsi bəyan edib ki, rəsmi Avropa artıq İran məsələsində ABŞ-dən asılılığı minimuma endirməli və daha müstəqil xarici siyasət kursu yürütməlidir. Mövzu ilə bağlı diqqətçəkən digər strateji açıqlama isə ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilib. O, Vaşinqtonun Almaniyada yerləşən hərbi kontingentini azaltmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Tramp əlavə edib ki, bənzər addımların İtaliya və İspaniya ilə bağlı da atılması gündəmdədir.
Ağ Ev rəhbərinin bu kəskin çıxışı Almaniya kansleri Fridrix Mers tərəfindən ABŞ-nin İrana qarşı yürütdüyü hərbi siyasətin tənqid edilməsindən dərhal sonra baş verib. Mers Vaşinqtonun strategiyasının qeyri-müəyyən olduğunu və bu siyasi xəttin bütün Avropa üçün ciddi təhlükəsizlik riskləri yaratdığını vurğulayıb.Xatırladaq ki, Donald Tramp bundan əvvəl Fridrix Mersi İranın nüvə proqramına münasibətdə həddindən artıq “yumşaq mövqe tutmaqda” ittiham etmişdi. Tərəflər arasındakı bu qarşılıqlı ittihamlar ABŞ-Avropa münasibətlərində yeni bir gərginlik dalğasının yarandığını və transatlantik ittifaqda ciddi fikir ayrılıqlarının olduğunu aydın şəkildə nümayiş etdirir.
Fidan Hacızadə
Sfera.az