ABŞ Prezidenti Donald Tramp Amerika neft şirkətlərinin gələcəkdə İranda fəaliyyət göstərməsinin mümkün ola biləcəyinə dair açıqlama verib.


 


O, şənbə günü Florida ştatının Vest Palm Biç şəhərində jurnalistlərlə söhbətində bu ehtimalın istisna olunmadığını bildirib. Məsələ beynəlxalq enerji bazarı və ABŞ–İran münasibətləri kontekstində diqqət çəkən mövzulardan biri kimi qiymətləndirilir.


 


Maraqlıdır, İran bu cür əməkdaşlığa hansı şərtlərlə razı ola bilər?


 


Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, ABŞ İran müharibəsi ABŞ-nin bütün hədəflərinə nail olduğu bir müharibə olmasa da, İran üzərində ciddi təsirləri var:


 



 


“Xüsusilə də, iqtisadi olaraq İran üzərindəki təsirləri nəzərə alsaq, gələcəyə yönəlik danışıqlar prosesində İranın güzəştə getmə ehtimalı daha çox diqqəti cəlb edir. Çünki, blokadanın uzun müddət davam etməsi halında, həm İran iqtisadiyyatı buna davam gətirə bilməyəcək, həm də iqtisadi olaraq problemlər yaranacaq. Bu da etirazların artmasına, rejim dəyişikliyinə səbəb olacaq. Düşünürəm ki, ABŞ-nin əsas hədəfi də məhz bu istiqamətdədir”.


 


Politoloq qeyd edib ki, İran üçün mümkün bədbin ssenarilər düşündükdə, İranın danışıqlar prosesində həm ABŞ-nin ilkin şərtləri ilə razılaşma ehtimalı da gündəmə gəlir:


 


“Həm də Donald Trampın səsləndirdiyi kimi, ABŞ neft şirkətlərinin gələcəkdə İranda fəaliyyət göstərməsinin mümkünlüyü ilə bağlı zəmin yarada bilir. Amma təbii ki, bunlar hər biri mümkün olan ehtimallar və ssenarilər üzrə dəyərləndirdiyimiz istiqamətlərdir. Yaxın perspektivdə ABŞ-İran danışıqlarında ABŞ-nin İran üzərində davam edən blokadasının davamlılığının mümkünlüyündə dəyişən şəraitə uyğun olaraq İranın mövqeyində də hər hansısa ciddi bir formada redaktələri müşahidə edə biləcəyik. Amma indiki məqamda blokadanın davam etməsi, İran üzərində maksimum təyziq mexanizminin istifadə olunması üçün əsas alətlərdən birinə çevrilib”.


 


Niyaz Hacıyev


Sfera.az