Son aylarda Azərbaycanda əməkhaqları ilə bağlı müzakirələr yenidən gündəmin əsas mövzularından birinə çevrilib.


 


Xüsusilə dövlət sektorunda maaş artımları, sosial paketlərin genişləndirilməsi və bir sıra sahələrdə ödənişlərin yenilənməsi ictimai diqqəti cəlb edir. Bu kontekstdə Milli Məclis üzvlərinin maaşlarında edilən son artımlar da geniş müzakirə olunub və cəmiyyətdə müxtəlif reaksiyalar doğurub.


 


Bu dəyişikliklər fonunda müxtəlif vəzifə sahiblərinin, o cümlədən siyasi partiya rəhbərlərinin gəlirləri də maraq obyektinə çevrilib. Siyasi sistemin mühüm subyektlərindən biri olan partiya sədrlərinin maliyyə vəziyyəti isə uzun müddətdir açıq müzakirə olunmayan mövzulardan hesab olunur. Onların gəlirlərinin hansı mənbələrdən formalaşması, partiya fəaliyyətindən qazanc əldə edib-etməmələri və ümumilikdə bu sahədəki real vəziyyət cəmiyyət üçün maraqlı olaraq qalır.


 


Məhz bu kontekstdə Sfera.az siyasi partiya sədrləri arasında sorğu keçirərək onların aylıq gəlirləri ilə bağlı mövqelərini öyrənib. Sorğu nəticəsində məlum olub ki, partiya rəhbərlərinin gəlirləri həm məbləğ, həm də mənbə baxımından ciddi şəkildə fərqlənir, bəziləri yüksək məbləğdə gəlir əldə etdiyini desə də, digərləri yalnız pensiya və ya əlavə işlər hesabına dolandığını bildirir.


 


REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, onun aylıq gəliri orta hesabla 4000 manata yaxındır:


 



 


“Gəlirim təxminən ayda 4000 manata yaxındır. Bu həm partiyadan aldığım əməkhaqqıdır, həm də konsaltinqə görə, yəni biznes məsləhətlərə görə aldığım məbləğdir. Sadəcə bu tez-tez dəyişir. Elə olur ki, ümumiyyətlə iş olmur. Bu hamısı məsləhətlərin səviyyəsindən və tezliyindən asılı olur”.


 


Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib ki, yalnız deputat maaşı alır:


 



 


“Parlamentdə təmsil olunan siyasi partiya olaraq Ana Vətən Partiyasının fəaliyyəti dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilir. Vəsait partiyanın təşkilati fəaliyyəti, layihələri, əməkdaşların fəaliyyəti və digər institusional istiqamətlər üzrə istifadə olunur. Milli Məclisin deputatı kimi rəsmi əməkhaqqı alıram. Hesab edirəm ki, əsas məsələ siyasi fəaliyyətin şəffaf və qanun çərçivəsində həyata keçirilməsidir”.


 


Azad Vətən Partiyasının sədri Akif Nağı isə əsas gəlirinin müəllimlik fəaliyyətindən olduğunu deyib:


 



 


"Elə bir ciddi maaşımız yoxdur, birtəhər yola veririk. Mən həm də Texniki Universitetdə müəllim işləyirəm, oradan da maaş alıram. Müəyyən qədər də bizim partiyanın büdcədən maliyyələşən hissəsi var, ordan da mən, həmçinin partiyanın rəhbərliyində, ofisində çalışan adamlar maaş alırıq. Bu qədərdir. Yəni, elə bir ciddi, böyük bir rəqəm deyil. Amma hər halda işlərimizi apara bilirik, həyatımızı davam etdiririk. Pensiya da alıram, pensiyam 367 manatdır".


 


Böyük Azərbaycan Partiyasının sədri, həmçinin deputat Elşad Musayev qeyd edib ki, onun gəliri yalnız deputat maaşı ilə məhdudlaşır:


 



 


“Deməli, bildiyiniz kimi mən Milli Məclisin üzvüyəm, komitə sədrinin müaviniyəm, aylıq maaşım da Milli Məclisin komitə sədrinin müavini maaşıdır. Əvvəllər mən bizneslə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam, indi biznes sahəm yoxdur, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuram. Başqa ödənişli iş yerim yoxdur, mənim iş yerim Milli Məclisdir, Milli Məclisdən aldığım əməkhaqqı ilə dolanıram. Partiya sədri kimi mən partiyadan əməkhaqqı almıram, ictimai əsaslarla partiya rəhbərliyi edirəm. Amma partiyanın rəsmi əməkdaşları partiya xətti ilə əməkhaqqı alırlar”.


 


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə gəlirinin çox aşağı olduğunu deyib:


 



 


“Deyirsiniz ki, son günlər maaşlar artırılır, tez-tez müzakirə olunur. Maşların artırıldığını deyən kimi mağazalarda qiymətlər on dəfə, iyirmi dəfə artırılır. Qiymət artıran da özləridir, mal satan da özləridir. Yəni hər ikisi eyni əldə cəmləşən müəyyən qurumlardadır, ona görə bunu demək istəyirəm ki, hələlik siz alıcıların cibinə heç bir müsbət təsiri yoxdur. Günü-gündən vəziyyət gərginləşir, günü-gündən qiymətlər qalxır və bu barədə dəfələrlə ciddi qərarlar qəbul olunub. Dövlət başçısı çalışır ki, xalqın maddi rifah halı, güzəranı yaxşılaşsın, lakin əksini istəyəblər də var. İkincisi, siyasi partiyaların aylıq nə qazancı olacaq? Məsələn, mənim heç staja görə pensiyamı vermədilər, ayda mənə 362 manat pensiya verirlər. Bununla biz neyləyə bilərik? Ona görə də elə bir başqa da bir qazanc yerimiz yoxdur ki, gedək onunla məşğul olaq. Vaxtilə səhvimiz onda olubdur ki, rüşvətxor olmamışıq, pul toplamamışıq. Mən nazir olanda, balıq sənayesi naziri olanda istəsəydim bəlkə də milyardlar toplayardım, ancaq 55 ton qara kürünü dünya bazarına çıxartdıq. Azərbaycan dövlət büdcəsinə 1992-93-cü illərdə 100 milyonlarla balıq sənayesindən pul daxil oldu. İndi görünür biz də səhv olmuşuq, görünür təcrübəsiz olmuşuq, rüşvət almamışıq, dövlətin malına belə deyək, xor baxmamışıq, hər şeyi millət üçün, dövlət üçün eləmişik. Ona görə də sizə deyim ki, elə bir aylıq gəlirimiz-zadımız yoxdur, çox çətin vəziyyətdə yaşayırıq. Yəni sadə vətəndaş necə, siz jurnalistlər necə, biz də elə. Bu baxımdan çalışmaq lazımdır ki, ölkədəki bu yalançı məlumatlara son qoyulsun".


 


 Partiya sədri qiymətlərdən narazılıq edib:


 


"Maaş qalxanda ətin qiyməti ondan on dəfə də artıq qalxır. 24 manat ət olar? 32 manata yağ olar? Yəni bunların hamısını fikirləşmək lazımdır. 22 qəpiyə, 23 qəpiyə yumurta olar? Və yaxud da digər məhsullar? Bu gün biz bunu fikirləşməliyik. 10 manat əməkhaqqı qaldırırlarsa, 50 manat, 20 manat bazarda və yaxud da marketlərdə bütün məhsulların qiyməti qalxır. Ona görə də bilirsən nətərdir, çox çətin bir vəziyyətdəyik. İndi Allah özü kömək olsun, görək hansı gün aclıqdan öləcəyiksə, onda xalq görəcək ki, artıq aclıqdan filan partiyanın sədri, filankəs yıxılıb öldü. Partiya sədrlərinə bizneslə məşğul olmağa imkan yoxdur, kimdir imkan verən? Yəni o da xüsusi adamların əlindədir, xüsusi adamların övladlarının əlindədir”.


 


Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, onun gəliri yalnız deputat maaşıdır:


 



 


“Mən partiya sədri olmaqla yanaşı, eyni zamanda Milli Məclisin üzvüyəm və Milli Məclis üzvü kimi məvacib alıram. Yəni konkret olaraq maliyyəm yalnız bir mənbədəndir. Milli Məclisin üzvü olaraq məvacibimdir mənim maliyyə mənbəyim. Başqa elə bir maliyyə mənbəyim yoxdur”.


 


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə aylıq təxminən 400 manat təqaüd aldığını deyib:


 



 


"Mən ayda 400 manata yaxın işləməyən adam kimi təqaüd alıram. Baxmayaraq ki, sovet hökuməti vaxtında işləmişəm, lakin o dönəmdə işləyənləri indiki hökumət  bu staja daxil eləməyib. İşləməyən adam kimi adicə təqaüd alıram. Başqa heç yerdən heç bir gəlirim yoxdur".


 


Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu iki şirkətdə çalışdığını və aylıq 1550 manat qazandığını bildirib:


 



 


“Gələcək Azərbaycan Partiyasının sədri olaraq partiyamız dövlət tərəfindən, dövlət büdcəsindən maliyyələşmir. Bilirsiniz, parlamentdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşir. Biz parlamentdə təmsil olunmadığımızdan büdcədən partiyamıza vəsait ayrılmır. Amma özümün qazancının hardan formalaşması məsələsinə gəldikdə, mən iki şirkətdə çalışıram, paralel olaraq, rəhbər vəzifədə çalışıram. Ortalama aylıq hər iki şirkətdən rəsmi olaraq 1550 manat aylıq maaşımdır. Bu maaşın da 750 manatı bir şirkətdən, 800 manatını da bir şirkətdən alıram. Buna paralel, əlbəttə ki, iş adamı olan dostlarımız var, sahibkar dostlarımız var, onlar köməklik edir – zərurət olduğu halda, zərurət olmadığı halda təbii ki yox. Amma belə də özümüzün əmək qabiliyyəti var. Maaşımdan da tutulmalar hər ay həyata keçirilir”.


 


Böyük Quruluş Partiyasının təsisçisi Fazil Mustafa da partiya fəaliyyətindən gəlir əldə etmədiyini vurğulayıb.


 



 


 “Siyasi partiya rəhbəri kimi maaş almırıq. Çünki maaş bir yerdən alınır, o da millət vəkili olaraq, Milli Məclisin komitə sədri olaraq ordakı fəaliyyətimizdən alınır. İki yerdən maaş olmasın deyə partiya, demək fəaliyyətimizdə hər hansı bir ödənişli əsaslarla nəzərdə tutmamışıq və bunun tutulması da doğru deyil. Daha çox partiya əməkdaşlarının və ayrı-ayrı hansısa bir müvəqqəti funksiya yerinə yetirən şəxslərin maliyyələşməsi məsələsinə daha çox diqqət yetiririk”.


 


AĞ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, partiyadan gəlir əldə etmir.


 



 


"Bilirsiz, əslində təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda parlamentdə təmsil olunmayan siyasi partiyalar çox simvolik miqdarda dövlətdən maliyyə yardımı alırlar. Onlar da çox cüzi rəqəmlərdir. Yəni nəinki maaşa, heç partiyanın mərkəzi qərargahlarının saxlanılmasına belə güclə çatır. Yəni o baxımdan mənim sədr olaraq partiyadan hər hansı bir gəlirim yoxdur. Mən partiyadan və yaxud siyasi fəaliyyətimdən gəlir əldə eləmirəm. Öz şəxsi ailəm və şəxsi dostlarım, belə deyək də, şəxsi əlaqələrim hesabına hansısa gəlirlərim olur. Amma mən düşünürəm ki, siyasi partiyanın sədri, rəhbərliyi - bunların hamısının gəlirləri, qazancları, təbii ki, partiyadan olmalıdır. Partiyanı da dövlət maliyyələşdirməlidir. Çünki qanunvericiliyə görə partiyaların qrant almağa və yaxud başqa kənar dövlətlər tərəfindən maliyyələşməyə icazəsi yoxdur. İndi partiya üzvlərinin ianələri və tutaq ki, üzvlük haqqı məsələləri var. Onlar da çox az miqdarda olur, simvolik şəkildə olur və onlardan ancaq partiyanın minimal fəaliyyəti üçün xərclənir”.


 


 


Yeni Zaman Partiyasının sədri Musa Ağayev isə aylıq gəlirinin 600 manat olduğunu deyib:


 



 


 “Mənim aylıq gəlirim 600 manatdır. Əsas gəlir mənbəyim Novoye Vremya qəzetində siyasi məsləhətçi kimi çıxış etməyimdir”.


 


Sorğu göstərir ki, Azərbaycanda siyasi partiya sədrlərinin əksəriyyəti partiya fəaliyyətindən deyil, ya deputat maaşı, ya da əlavə işlər və pensiya hesabına gəlir əldə edir.


 


Firuzə Əliyeva


Sfera.az