Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal neft bazarında böyük əks-səda doğuran strateji qərarlarına birini də əlavə edib. Ölkənin OPEC və OPEC+ alyanslarından ayrılmasından sonra, Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatından (OAPEC) da rəsmən çıxdığı elan olundu.


 


Sfera.az xəbər verir ki, neft bazarında təklif daralmasının İrana qarşı həyata keçirilən hərbi hücumlarla eyni vaxta düşməsi və tarixin ən kritik səviyyəsinə çatması fonunda Əbu-Dabinin bu gedişi Körfəz ölkələri arasındakı iqtisadi ziddiyyətləri daha da kəskinləşdirib.


 


OPEC-in ən böyük üçüncü neft ixracatçısı olan BƏƏ, cari ilin 1 may tarixindən etibarən həm OPEC, həm də OPEC+ üzvlüyündən rəsmən çəkildiyini bəyan etmişdi. Rəsmi Əbu-Dabi bu qətiyyətli addımı öz istehsal siyasətini müstəqil məsuliyyət və bazar sabitliyi prinsipləri əsasında quracağı, həmçinin qlobal tələb-təklif balansını fərdi şəkildə nəzərə alacağı ilə əsaslandırıb. Bu prosesin ardınca OAPEC Baş Katibliyi də BƏƏ-nin təşkilatdan ayrılması ilə bağlı rəsmi bəyanat yayıb. Açıqlamada qeyd olunub:


 


“BƏƏ-nin Enerji və İnfrastruktur naziri Süheyl əl-Məzruinin təşkilatın Nazirlər Şurasının sədri, Liviyanın neft və qaz naziri Xəlifə Rəcəb Abdussadıqa ünvanladığı rəsmi müraciət barədə Baş Katiblik məlumatlandırılıb. Beləliklə, BƏƏ-nin təşkilat üzvlüyündən çıxmaq qərarı 1 may 2026-cı il tarixindən etibarən hüquqi qüvvəyə minib".


 


Baş Katiblik BƏƏ-nin üzvlük müddəti ərzində ərəb ölkələri arasında enerji sahəsindəki birgə fəaliyyətə və inteqrasiyaya verdiyi töhfələri yüksək qiymətləndirib. Bildirilib ki, digər üzv dövlətlər arasında birliyi gücləndirmək məqsədilə strateji proqramlar və ortaq maraqlara xidmət edən təşəbbüslər bundan sonra da davam etdiriləcək. Enerji ekspertlərinin fikrincə, BƏƏ-nin bu ardıcıl və cəsarətli addımları regionun enerji xəritəsində yeni bir geosiyasi və iqtisadi dövrün başladığından xəbər verir.


 


Bəsti Rəfizadə

Sfera.az