Tanınmış türkiyəli aktrisa Sinem Kobal həyat yoldaşı Kenan İmirzalıoğlu ilə nümunəvi evliliyi, analıq təcrübəsi və ailə xoşbəxtliyinin sirləri haqqında səmimi açıqlamalar verib.


 


Sfera.az-ın məlumatına görə, aktrisa sevginin tapılmasının yalnız başlanğıc olduğunu, əsas məsələnin isə bu hissi qorumaq üçün qarşılıqlı fədakarlıq göstərmək olduğunu vurğulayıb.




Sinem Kobal "Empatiya" proqramında iştirak edərkən cütlüyün tanışlıq hekayəsinə də işıq salıb. O, Kenan İmirzalıoğlu ilə ortaq bir dostlarının Yeni il gecəsində təşkil etdiyi məclisdə tanış olduqlarını bildirib. Maraqlı məqamlardan biri odur ki, evlilik təklifi aktrisanın "Sənə aşiq oldum" etirafından düz bir il sonra gəlib. Kobalın fikrincə, sağlam bir evlilik üçün daim yola getməyə və birgə inkişafa hazır olmaq zəruridir.


 


Analıq hisslərini "sonsuz bir macəra" kimi təsvir edən aktrisa bu təcrübənin onun təsəvvürlərindən qat-qat fərqli olduğunu qeyd edib:


 


"Analıq həm inanılmaz zövqlü, həm də kifayət qədər çətin bir prosesdir. Bu hiss insanı heç bilmədiyi tərəflərdən böyüdür, eyni zamanda səni özündən uzaqlaşdıraraq yeni bir mən kəşf etməyinə səbəb olur".




Sinem Kobal ikinci övladına hamilə olduğunu öyrəndiyi an keçirdiyi hissləri də gizlətməyib. İlk qızı Lalinin cəmi 10 aylıq olduğu vaxt Leylaya hamilə qaldığını öyrənən aktrisa həmin dövrdə böyük şok və narahatlıq keçirdiyini etiraf edib:


 


"İki körpəni eyni vaxtda necə böyüdəcəyimi düşünərkən çox çaşqın idim".




Həyat yoldaşının atalıq keyfiyyətlərini yüksək qiymətləndirən aktrisa Kenan İmirzalıoğlunun doğuşdan etibarən hər an onun yanında olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kenan çox şəfqətli və vicdanlı bir atadır:


 


"Qızlarımız onun xarakterindəki o məşhur sərtliyi yumşaldaraq üzə çıxardı. O, uşaqların böyüməsinin hər mərhələsində çox güclü bir şəfqət hissi ilə iştirak edir".




Mənsumə

Sfera.az