ABŞ Prezidenti Donald Tramp 14 maddəlik təkliflə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, təqdim olunan planın qəbul edilməsi mümkün deyil.
Analitiklərin fikrincə, İran əvvəlcədən ABŞ-nin bu təklifi rədd edəcəyini proqnozlaşdırıb. Buna baxmayaraq belə bir təkliflə çıxış edib.
Maraqlıdır, İran nəticəsi əvvəlcədən bəlli olan belə bir təklifi niyə irəli sürür? Bu addımın məqsədi nədir?
Politoloq Əli Mustafa Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi təklifi qəbul etməyəcəyi gözlənilən idi:
“Təklif əvvəlkilərlə müqayisədə daha yumşaq hesab olunur və müəyyən güzəştlər, kompromis elementləri ehtiva edir. Buna baxmayaraq, görünən odur ki, Vaşinqton daha əlverişli təkliflər gözləyir. Müşahidələr göstərir ki, Tramp administrasiyasının gözləntiləri daha yüksəkdir və əlavə tələblər gündəmdədir. Digər tərəfdən, hazırkı vəziyyətdə ABŞ-nin İran üzərində dəniz yollarına nəzarət məsələsi diqqət çəkir”.
Ə.Mustafa İran ticarətinin təxminən 95 faizinin dəniz nəqliyyatı vasitəsilə həyata keçirildiyini və bu səbəbdən boğazın bağlanmasının İran üçün ciddi iqtisadi nəticələr doğurduğunu bildirib:
“Bu marşrutların böyük hissəsinin ABŞ nəzarətində olması Tehranın iqtisadi fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır və ticarətin davamlılığını çətinləşdirir. Yaranmış mənzərə onu göstərir ki, Vaşinqton Tehrana qarşı təzyiqləri daha da artıraraq, danışıqlarda daha üstün mövqe əldə etməyə çalışır. Mövcud polemikanın isə hələ bir müddət davam edəcəyi ehtimal olunur”.
Fidan Hacızadə
Sfera.az