Qəzza zolağında münaqişə nəticəsində ərlərini itirən minlərlə dul qadın həm ana, həm də ata kimi uşaqlarını dağıntılar və məhrumiyyətlər içində böyüdərək yaşamaq üçün mübarizə aparır.


 


İsrailin uzun müddətdir davam edən hücumları, Qəzzada müharibə şəraitində yaşayan qadınların üzərinə ən ağır yükü qoyub.


 


Sfera.az xəbər verir ki, ərlərini itirən bu qadınlar, eyni zamanda uşaqlarını sağlam saxlayaraq həyatda qalmaq və onların gələcəyini təmin etmək üçün mübarizə aparırlar. Bir çox qadın çətin həyat şəraiti və ehtiyaclar qarşısında təkbaşına ailənin yükünü daşımaq məcburiyyətindədir.


 


Qeyd edək ki, Qəzza zolağında münaqişə zamanı çox sayda ata həyatını itirib. Bu, minlərlə ailənin əsas çörək qazananını itirməsinə və gündəlik ehtiyaclarını qarşılamaq üçün çətinliklərlə üzləşməsinə səbəb olub. Bölgədəki infrastrukturun böyük dərəcədə zədələndiyi şəraitdə qadınlar həm iqtisadi, həm də sosial yükü təkbaşına daşıyırlar.


 


Xan Yunisdəki Əl-Bərəkə Qaçqın Düşərgəsində yaşayan Səhər Əbu Həmra həyatını təsvir edərkən ərini itirdikdən sonra həyatı tamamilə dəyişdiyini bildirib.Üç uşağı ilə çadırda yaşayan Həmra vəziyyətini “Onların atası yoxdur. Çiyinlərimdəki yük çox ağırdır” sözləri ilə xülasə edib.


 


2024-cü ilin iyun ayında ərini itirən 44 yaşlı Nəcva əl-Şəmali isə beş uşağını təmin etmək üçün toxuculuqla dolanışığını təmin edir. Şəmali bunun özünün “çörəkçilik” fəaliyyəti olduğunu söyləyir.


 


O, gündəlik həyatda yaşadığı çətinlikləri “Hər şeyi təkbaşına etməliyəm” sözləri ilə ifadə edib.


 


Göründüyü kimi. Qəzzada qadınlar müharibənin acı nəticələrini yalnız ailələrini təmin edərək deyil, həm də həyatlarını yenidən qurmaq üçün böyük bir mübarizə aparırlar. Bölgədə əsas ehtiyacların belə təmin edilməsinin çox çətin olduğu şəraitdə minlərlə dul qadın həyatını davam etdirmək və övladlarının gələcəyini qurmaq üçün mübarizə aparır.


 


Qəzza zolağında qadınların bu qəhrəmanlıq dolu mübarizəsi, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə daha çox diqqətə layiqdir. Onlar yalnız öz ailələrini deyil, həm də bütün bir cəmiyyəti ayaqda saxlamaq üçün mübarizə aparırlar.


 


Mənsumə


Sfera.az