Son bir-iki ayda Ukraynanın Rusiyanın daha uzaq məsafədə yerləşən hədəflərini pilotsuz uçuş aparatları (PUA) vasitəsilə vurması diqqət çəkir. Bildirilir ki, bu tip dronlar Ukraynanın özündə istehsal olunur.
Bəs Kiyevin zamanla belə uzaqmənzilli zərbə imkanlarını artırması Rusiyanın mövqelərini zəiflədə bilərmi?
Bununlaq bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfanın sözlərinə əsasən, müharibə həm də təcrübə deməkdir:
“Ukrayna da Rusiya ilə müharibə fonunda yeni silahlar və dron texnologiyaları inkişaf etdirir, eyni zamanda müxtəlif ölkələrdən silah və sursat idxal edir. Bu amillər Rusiyanın mövqeyinin müəyyən qədər zəifləməsinə təsir göstərə bilər. Xüsusilə dronlar müharibənin taleyində mühüm rol oynayır və tərəflərə taktiki üstünlük qazandırır. Əgər Rusiya döyüş meydanında daha ciddi tənəzzüllə üzləşərsə, bu, siyasi geriçəkilmə ehtimalını da artırar. Bununla belə, geniş əraziyə və böyük hərbi resurslara malik olması uzunmüddətli müharibəni Rusiya üçün nisbətən daha dözümlü edir”.
T.İrfan bildirib ki, tərəflərin silahlanma balansı onların beynəlxalq tərəfdaşlarının sayəsində davamlı şəkildə dəyişdiyini göstərir:
“Bu isə müharibənin gedişatını zaman-zaman fərqli istiqamətlərə yönəldir. Ümumilikdə, müharibənin Ukraynanın xeyrinə inkişaf etməsi daha ağır və həlledici silah sistemlərinə sahib olmasından asılıdır. Bu sahədə əsas dəstək isə ABŞ və Avropa İttifaqı tərəfindən təmin oluna bilər. Eyni zamanda, Ukraynanın dron texnologiyaları daha da inkişaf etməli və müharibənin taleyinə real təsir göstərə biləcək səviyyəyə çatmalıdır. Hazırda bu təsir tam aydın hiss olunmasa da, gələcəkdə bu istiqamətdə irəliləyişin müşahidə olunacağı istisna edilmir”.
Fidan Hacızadə
Sfera.az