Kleopatra VII haqqında danışanda çox vaxt ağla sadəcə “gözəl qadın” obrazı gəlir. Halbuki tarixçilər onu dövrünün ən zəkalı, strateji düşünən və çoxşaxəli hökmdarlarından biri kimi xarakterizə edirlər. 




Sfera.az xəbər verir ki, məşhur kraliça barədə Hollivud filmlərində əks olunmayan bir sıra maraqlı faktlar mövcuddur.




Tarixdə Misirin sonuncu fironu kimi tanınsa da, Kleopatra əslən yunan mənşəli idi. O, Makedoniyalı İskəndərin sərkərdəsi Ptolemey I Soter tərəfindən qurulan Ptolemeylər sülaləsinə mənsub idi. Maraqlıdır ki, bu sülalədə 300 il ərzində Misir dilini öyrənən ilk və yeganə hökmdar məhz Kleopatra olub.




Antik tarixçi Plutarx yazır ki, Kleopatranın əsas cazibəsi xarici görünüşündə deyil, onun intellektində və ünsiyyət bacarıqlarında olub. O, bir neçə dili sərbəst danışır, riyaziyyat, fəlsəfə və astronomiya ilə maraqlanıb. Bəzi mənbələrdə onun kimya və tibb sahəsində traktatlar yazdığı da qeyd olunub.




Kraliça yalnız siyasətlə deyil, iqtisadi fəaliyyətlə də məşğul olub. O, Ölü dəniz ətrafında kosmetika və ətir istehsalı ilə məşğul olan müəssisələr qurub. Süd vannaları və bitki əsaslı dəri baxımı üsulları da onun adı ilə bağlıdır.




Kleopatranın Yuli Sezar və Mark Antoni ilə münasibətləri çox vaxt romantik hekayə kimi təqdim olunub. Lakin tarixçilər bunu daha çox Misirin müstəqilliyini qorumağa yönəlmiş siyasi ittifaqlar kimi qiymətləndiriblər. Məşhur rəvayətə görə, Kleopatra Sezarla görüşə xalçaya bükülərək gizli şəkildə gətirilib. Digər bir əhvalatda isə onun Mark Antoni ilə mərcə girərək bahalı incini sirkədə əridib içdiyi bildirilib.




Kraliçanın ölümü ilə bağlı ən məşhur versiya onun özünü zəhərli kobra ilanına sancdırmasıdır. Lakin müasir tarixçilər bunun simvolik hekayə ola biləcəyini, əslində isə zəhərli maddə və ya gizli iynə vasitəsilə həyatına son qoyduğunu ehtimal edirlər.




Kleopatra və Mark Antoninin məzarı bu gün də tapılmayıb. Arxeoloqlar İsgəndəriyyə ətrafında uzun illərdir axtarış aparsalar da, nəticə əldə olunmayıb.




Tarixçilərin böyük əksəriyyəti hesab edir ki, Kleopatranın ölümü romantik səbəbdən çox, siyasi amillərlə bağlı idi. Roma imperiyasının əsiri olmaq və alçaldıcı şəkildə nümayiş etdirilmək əvəzinə, o, öz taleyinə özü qərar verməyi üstün tutub. Beləliklə, Kleopatra yalnız gözəlliyi ilə deyil, həm də zəkası, siyasi bacarığı və cəsarətli qərarları ilə tarixdə iz qoymuş nadir qadın hökmdarlardan biri kimi yadda qalıb. 




Bəsti Rəfizadə

Sfera.az