Elm adamları və beynəlxalq hesabatlar süni intellektlə işləyən yoldaş robotların tənhalıq probleminin azaldılmasında mühüm rol oynaya biləcəyini göstərir. Xüsusilə yaşlılar və sosial əlaqələri zəif olan insanlar üçün bu texnologiya yeni imkanlar açır.
Sfera.az xəbər verir ki, Oklend, Dyuk və Kornell Universitetlərinin hazırladığı hesabatda qeyd olunur ki, “AI” əsaslı robotlar yaşlı insanların tənhalığını azaltmaq, stressi aşağı salmaq və sosial dəstək vermək potensialına malikdir.
Araşdırmalar göstərir ki, sosial robotlarla müntəzəm ünsiyyət quran insanlar zamanla özlərini daha rahat ifadə edir və psixoloji vəziyyətlərində müsbət dəyişikliklər baş verir. Qlazqo Universiteti tərəfindən aparılan tədqiqatlar da bu tendensiyanı təsdiqləyir.
Bundan əlavə, Harvard Biznes Məktəbi və digər qurumların araşdırmaları “AI” robotların, istər çatbot, istərsə də fiziki robot qısa müddətdə tənhalıq hissini azaltdığını ortaya qoyur. Xüsusilə sosial münasibətlər qurmaqda çətinlik çəkən insanlar üçün bu təsir daha aydın hiss olunur.
Ekspertlər texnologiyanın iqtisadi tərəfinə də diqqət çəkir. “Morgan Stanley” proqnozlarına görə, 2050-ci ilə qədər insanabənzər robot bazarı trilyonlarla dollar həcmində olacaq. Bu robotların gələcəkdə ev işləri ilə yanaşı emosional dəstək funksiyası da yerinə yetirəcəyi gözlənilir.
“Amazon.com”un baş texnologiya direktoru Verner Voqels yaxın illər üçün proqnozlarında yoldaş robotların qlobal tənhalıq probleminin həllində rol oynaya biləcəyini vurğulayırlar. Bəzi mütəxəssislər isə daha irəli gedərək insanların gələcəkdə robotlarla ailəvi və emosional bağlar qura biləcəyini istisna etmirlər.
Fidan Hacızadə
Sfera.az