“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Kerrikin müqaviləsinin müddətini uzatmağı nəzərdən keçirir.


 


Sfera.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb.


 


Qeyd edək ki, Kerrik 13 yanvarda “Mançester Yunayted”in baş məşqçisi təyin olunub və onun müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir. Yanvar ayında o, Premyer Liqada ayın məşqçisi seçilib. Ceykobsun məlumatına görə, klub rəhbərliyi Kerriki növbəti mövsüm üçün əsas namizəd hesab edir. Bununla yanaşı, klub digər məşqçilərlə də danışıqlar aparmağı planlaşdırır.


 


Jurnalist həmçinin qeyd edir ki, Bruno Fernandes və Harri Maquayr da daxil olmaqla bir sıra futbolçular Kerrikin komandada qalmasını istəyirlər. 44 yaşlı Kerrik əvvəllər iki dəfə “Mançester Yunayted”də müvəqqəti baş məşqçi kimi çalışıb. 2018-ci ildə Joze Mourinyonun gedişindən sonra və 2021-ci ildə Ole Qunnar Solskyerin istefasından sonra. O, 2022–2025-ci illərdə “Midlsbro” klubuna rəhbərlik edib.


 


Kerrik futbolçu kimi də “Mançester Yunayted”də uğurlu karyera keçirib və klubla beş İngiltərə çempionluğu, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və Klublararası Dünya Kubokunu qazanıb. Hazırda “Mançester Yunayted” 35 oyundan 64 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.


 


Niyaz Hacıyev


Sfera.az