Bakıda avtomobil sahəsində diqqət çəkən mövzulardan biri də dövlət qurumlarına məxsus xüsusi nömrə seriyalarıdır.


 


“AA”, “PA”, “AZ”, “AM”, “AS” və digər kodlarla başlayan bu nömrələr adi qeydiyyat nişanlarından fərqli olaraq xüsusi status və idarəetmə sistemini əks etdirir.


 


Maraqlıdır, xüsusi seriyalar necə müəyyən olunur?


 


Sfera.az bildirir ki, Azərbaycanda dövlət avtomobilləri üçün nəzərdə tutulan nömrələr standart satış sistemindən fərqli olaraq dövlət qurumları üzrə bölüşdürülür. Bu seriyalar avtomobilin hansı quruma aid olduğunu göstərən identifikasiya rolunu oynayır.


 


Ən çox istifadə olunan seriyalar arasında:


 


“AA”, “PA”, “PM” - yüksək dövlət strukturları və protokol xidmətləri


 


 “AZ”, “AN”, “AE” - nazirliklər və icra hakimiyyəti orqanları


 


“AM”, “AS” - Müdafiə Nazirliyi və təhlükəsizlik strukturları


 


“YP” - Yol Patrul Xidməti


 


Bu nömrələr dövlət tərəfindən təyin olunur və kommersiya məqsədilə dövriyyəyə buraxılmır. Bakıda ən çox diqqət çəkən dövlət nömrələrindən biri “AA” seriyasıdır. Bu nömrələr adətən yüksək vəzifəli dövlət qurumlarının və protokol xidmətlərinin istifadəsində olur. İctimaiyyət arasında isə “AA” seriyası ən prestijli dövlət nömrəsi kimi qəbul edilir.


 


Dövlət nömrələri rəsmi şəkildə satılmasa da, bazarda onların “status dəyəri” ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. Müşahidələrə görə, “AA” seriyasının xüsusi kombinasiyaları (001, 777 və s.) 10 000 - 50 000 manat, nadir və simvolik nömrələr isə 50 000 manata qədər və daha yüksək qiymətləndirilir.


 


Digər dövlət seriyalarında isə bu göstərici daha aşağıdır. “AZ”, “AN”, “AE” təxminən 5 000 - 20 000 manat, “AM”, “AS”, “YP” isə 3 000 - 15 000 manat aralığında qiymətləndirilir.


 


Qeyd edək ki, bu rəqəmlər rəsmi satış qiyməti deyil, yalnız qeyri-rəsmi bazar qiymətləndirmələridir. Mütəxəssislərin fikrincə, bu nömrələrə marağın əsas səbəbləri məhdud sayda olması, dövlət sistemində xüsusi status daşıması, sosial imic və prestij effekti, yadda qalan kombinasiya üstünlüyü olmasıdır.


 


Qanunvericiliyə əsasən, dövlət qurumlarına məxsus nömrələr alqı-satqı predmetinə çevrilmir və yalnız müvafiq dövlət orqanlarının qərarı ilə verilir. Buna görə də bazarda formalaşan qiymətlər rəsmi xarakter daşımır.


 


Firuzə Əliyeva


Sfera.az