Beynəlxalq enerji bazarlarında neft qiymətlərinin yüksəlməsi və 100-120 ABŞ dolları səviyyəsinə yaxınlaşması qlobal iqtisadiyyat üçün potensial risklər barədə müzakirələri yenidən aktuallaşdırıb. Belə ki, dünyada neft qiymətlərinin təhlükəli səviyyədə olduğu bildirilib. Bu qiymətlərin qlobal inflyasiyanı yüksəldəcəyi, hətta iqtisadi böhrana səbəb olacağı iddia olunub. Xatırladaq ki, 2011-2014-cü illərdə də neft qiymətləri bu qədər yüksək olub, amma böhran olmayıb. 


 


Həqiqətənmi 100-120 dollarlıq neft qiymətləri böhran yarada bilər?




Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə əsasən, bu səviyyədə neft qiymətlərinin qlobal inflyasiyanı sürətləndirə və hətta iqtisadi böhran riskini artırma ehtimalını istisna etmir:




“Neft qiymətlərinin yüksək olması özlüyündə avtomatik olaraq qlobal böhran yaratmır. 2011-2014-cü illərdə aşağı faiz mühiti, geniş pul-kredit siyasəti və güclü qlobal iqtisadi artım yüksək enerji qiymətlərinin təsirini yumşaldan əsas amillər kimi çıxış etmişdi. Lakin hazırkı qlobal iqtisadi mühit əvvəlki dövrlərlə müqayisədə daha həssasdır. Yüksək inflyasiya ilə mübarizə məqsədilə aparılan sərt pul siyasəti, artan dövlət borcları və qlobal ticarətdə müşahidə olunan qeyri-müəyyənliklər neft qiymətlərinin yüksəlməsini daha təsirli risk faktoruna çevirir”.


 




Ekspertin sözlərinə əsasən, hazırki şəraitdə 100-120 dollar səviyyəsində neft qiymətləri enerji və nəqliyyat xərclərini artıraraq ümumi qiymət səviyyəsinə təzyiq göstərəcək və istehlak xərclərini azaldaraq iqtisadi artımı zəiflədə bilər və eyni zamanda mərkəzi bankların faiz siyasətini daha sərt saxlamağa məcbur edə bilər:




“Mümkün iqtisadi böhran ssenarisi yalnız neft qiymətlərindən deyil, eyni zamanda qlobal maliyyə sabitliyi, kredit bazarları və iqtisadi artım dinamikasından asılıdır. Qısaca desəm, yüksək neft qiymətləri qlobal iqtisadiyyat üçün ciddi inflyasiya təzyiqi yaratsa da, onun birbaşa böhran yaradıb-yaratmaması daha geniş makroiqtisadi amillərin qarşılıqlı təsirindən asılıdır”.




Bəsti Rəfizadə

Sfera.az