Azərbaycan ilə İtaliya arasında iqtisadi münasibətlər bu gün strateji səviyyəyə yüksəlib. İtaliya uzun illərdir Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır və bu əməkdaşlıq xüsusilə enerji sahəsində qurulan əlaqələr üzərində formalaşıb.
Sfera.az xəbər verir ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.
Lakin iqtisadi münasibətlərin "qızıl dövrü" 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması ilə start götürüb. İtaliyanın enerji nəhəngi “Eni” şirkətinin layihələrdə iştirakı bu yolun təməl daşı olub. Bundan sonra iqtisadi əməkdaşlığın hüquqi bazası formalaşdırılıb, qarşılıqlı investisiyaların təşviqi və qorunması ilə bağlı sazişlər imzalanıb. 2000-ci illərdən etibarən isə əlaqələr daha intensiv xarakter alıb.
Əsas dönüş nöqtələrindən biri Azərbaycanın enerji resurslarının Avropaya çıxarılması ilə bağlı layihələr olub. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində İtaliya əsas son istehlakçı ölkələrdən birinə çevrildi.
Son illərin statistikası göstərir ki, Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi rekord həddə çatıb. 2026-cı ilin birinci rübünün məlumatlarına əsasən, Azərbaycanın ixracı 5,4 milyard dollar, idxalı 4 milyard dollar olub. Ümumi ticarət dövriyyəsi 9,4 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 2,605 milyard dolları, yəni 27,71 faizi İtaliyanın payına düşür.
Azərbaycanın ixracında İtaliya əsas ölkədir. Birinci rübdəki 5,4 milyard dollarlıq ixracın 2,49 milyard dolları, yaxud 46,1 faizi İtaliyaya olub.
İxracla bağlı rəqəmlər İtaliya bazarının Azərbaycan üçün nə dərəcədə önəmli ölkə olduğunu göstərir.
Azərbaycan İtaliyaya nə satır?
Azərbaycanın İtaliyaya ixracı əsasən enerji resurslarından ibarətdir. Məsələn, İtaliyay xam neft və neft məhsulları (ən böyük pay - 90%-dən çox), təbii qaz (xüsusilə son illərdə artım var), neft-kimya məhsulları (az miqdarda) satılır. Azərbaycan neftinin böyük hissəsi məhz İtaliya bazarına yönəldilir.
İtaliyadan Azərbaycana nə idxal edirik?
İtaliyadan idxal daha çox qeyri-neft sektorunu əhatə edir və müxtəlif sahələri əks etdirir. Məsələn, sənaye avadanlıqları və texnologiyalar, mexaniki qurğular və istehsal xətləri, avtomobil və ehtiyat hissələri, moda və tekstil məhsulları, qida və kənd təsərrüfatı məhsulları. Xüsusilə “Made in Italy” brendi Azərbaycanda keyfiyyət və prestij simvolu kimi qəbul edilir.
Azərbaycan-İtaliya iqtisadi münasibətlərinin əsas xüsusiyyəti balansın ixracın xeyrinə olmasıdır. Yəni Azərbaycan İtaliyaya daha çox satır, nəinki idxal edir. Bu isə ölkəyə ciddi valyuta axını təmin edir. Eyni zamanda, İtaliya Azərbaycanın Avropaya enerji ixracında əsas qapılardan biri rolunu oynayır. Bu baxımdan tərəfdaşlıq yalnız ticarət deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Son illərdə tərəflər əməkdaşlığı yalnız enerji sahəsi ilə məhdudlaşdırmamağa çalışır. Bərpa olunan enerji, kənd təsərrüfatı, turizm və sənaye sahələrində də yeni layihələr müzakirə olunur.
Beləliklə, Azərbaycan ilə İtaliya arasında qurulan iqtisadi əlaqələr sadəcə ticarət statistikası deyil, həm də strateji tərəfdaşlığın real göstəricisidir. Enerji üzərində qurulan bu münasibətlər zamanla daha geniş sahələri əhatə edərək iki ölkə arasında əməkdaşlığı daha da gücləndirib.
Bəsti Rəfizadə
Sfera.az