2026-cı il Met Qala gecəsi bu dəfə “Kostyum Sənəti” mövzusu ilə yadda qalıb.
Sfera.az “People” nəşrinə istinadən xəbər verir ki, “Sənət kimi moda” geyim kodu məşhurlar tərəfindən olduqca fərqli, bəzən isə qeyri-adi interpretasiyalarla təqdim olunub.
Gecədə həm yüksək zövqlü obrazlar, həm də mübahisə doğuran seçimlər diqqət çəkib.
Gecəyə gec qatılmasına baxmayaraq, Beyons nəhəng şleyfli libası ilə bütün kameraları özünə yönəldib. Onun qırmızı xalçaya çıxışı o qədər təsirli olub ki, arxasınca gələn məşhurlar belə fotoqrafların diqqətindən kənarda qalıb.
Digər tərəfdən, Keti Perri, Sara Paulson və Luke Evans kimi ulduzlar görməni çətinləşdirən aksessuarlarla riskli seçimlər ediblər. Pilləkənləri qalxarkən bu detalların təhlükəli ola biləcəyi qeyd olunub.
Met Qala qaydalarına əsasən 18 yaşdan kiçiklərin iştirakına icazə verilməsə də, gecənin həmsədri Nikol Kidman qızı ilə, Beyons isə qızı Blu Ayvi ilə tədbirə qatılaraq bu qaydanı pozub.
Jay-Zi, Beyons və Blu Ayvinin birlikdə çəkdirdiyi şəkil isə sosial şəbəkələrdə “ilin ən yaxşı ailə fotosu” kimi dəyərləndirilib.
Enn Heteuey “Michael Kors” imzalı, rəssam Peter McGough tərəfindən əl işləri ilə işlənmiş libası ilə klassik “Genoviya şahzadəsi” obrazını xatırladıb.
Sabrina Karpenter isə moda ilə kino sənətini birləşdirərək 1954-cü ilin Sabrina filminin lentlərindən hazırlanmış “Dior”libası ilə fərqlənib. Ciara qədim Misir kraliçası Nefertiti obrazına istinad edən qızılı saç düzümü ilə gecənin ən çox zəhmət tələb edən görkəmlərindən birini təqdim edib. Gecədə bəzi obrazlar isə sosial mediada “qorxulu” və “qəribə” kimi qiymətləndirilib. Cordan Rot, Heidi Klum və Qvendolin Kristi mövzunu qeyri-adi və bir qədər qaranlıq tərzdə şərh edərək diqqət çəkiblər.
Bad Bunni isə “ən pis obraz” kimi qiymətləndirilən çıxışlardan biri ilə yadda qalıb. O, üzündə realistik protez makiyajla özünü qocalmış formada təqdim edib.
Supermodel Keyt Moss mövzuya ən az uyğunlaşan, lakin sadə gözəlliyi ilə seçilən iştirakçılar sırasında yer alıb. Gecənin ən stil sahibi cütlüyü isə ənənəvi olaraq Rihanna və A$AP Rocky olub.
Bundan əlavə, Kendall Jenner və Kim Kardashianın bir-birinə bənzər “heykəl formalı” geyimlərlə eyni anda qarşılaşması sosial mediada məşhur “Spider-Man memi”nə bənzədilərək zarafat mövzusuna çevrilib.
Fidan Hacızadə
Sfera.az