ABŞ-İsrail-İran gərginliyi və benzin qiymətlərinin kəskin yüksəlməsi amerikalıların gündəlik həyatına ciddi təsir göstərib.


 


Sfera.az xəbər verir ki, ABŞ əhalisinin 44%-i yüksək qiymətlər səbəbindən daha az avtomobil idarə edir, 42%-i isə ev xərclərini azaltmağa başlayıb.


 


Sorğu iştirakçılarının 34%-i isə səyahət və tətil planlarını dəyişdirib.


 


Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ölkə üzrə benzinin orta qiyməti bir qallon (3,78 litr) üçün 4,43 dollara (litri 2 manat) yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 3,15 dollar olub. Neft analitiki Patrik De Haan qiymətləri “narahatedici rekord” adlandırıb və yaxın həftələrdə artımın davam edə biləcəyini bildirib. Ağ Ev isə qiymət artımını “müvəqqəti pozuntu” hesab edir və Hörmüz boğazında nəqliyyat normallaşdıqdan sonra qiymətlərin düşəcəyini açıqlayıb.


 


Quinnipiac Universitetinin sorğusuna görə, seçicilərin 65%-i benzin qiymətlərinə görə Trampı qismən və ya tamamilə məsul hesab edir. Tramp isə ABŞ-ın İranla birbaşa münaqişəyə girmədiyini və hərbi əməliyyatların başa çatdığını bildirib. O, həmçinin Tehranın yeni sülh planını nəzərdən keçirdiyini, lakin İranın “kifayət qədər ödəniş etmədiyini” vurğulayıb. Tramp İranın növbəti səhv addımı halında hərbi müdaxilənin mümkünlüyünü də istisna etməyib.




Mənsumə

Sfera.az