Avropa ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyasının mümkün təzyiqlərinə qarşı daha koordinasiyalı mövqe sərgiləməlidir.


 


Bu fikri Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Siyasi Birliyi sammiti çərçivəsində çıxışı zamanı səsləndirib.


 


Maraqlıdır, belə bir birlik praktikada mümkün görünürmü?  Tramp administrasiyasının Avropaya yönəlik siyasəti hansı konkret təzyiq mexanizmləri ilə xarakterizə olunur və buna qarşı Avropa ölkələri hansı siyasi, iqtisadi və diplomatik alətlərdən istifadə edə bilər?


 


Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Avropa ölkələrinin Tramp administrasiyasına qarşı koordinasiyalı şəkildə hərəkət etməsi nəzəri olaraq mümkün olsa da, praktikada bu, mürəkkəb prosesdir:


 



”Avropa İttifaqı daxilində fərqli təhlükəsizlik prioritetləri, ABŞ ilə ikitərəfli münasibətlərin dərinliyi və NATO çərçivəsində asılılıq bu birliyin tam və sürətli formalaşmasını çətinləşdirir. Xüsusilə Şərqi Avropa ölkələri üçün ABŞ təhlükəsizlik təminatlarının əvəzolunmaz olması vahid mövqenin yaranmasına müəyyən maneələr yaradar”.


 


Müsahibimiz vurğulayıb ki, Tramp administrasiyasının Avropaya yönəlik siyasəti əsasən ticarət tarifləri, müdafiə xərclərinin artırılması ilə bağlı və bəzi hallarda çoxtərəfli institutlara skeptik yanaşma ilə xarakterizə olunur:


 


“Bu kontekstdə Avropa cavab olaraq iqtisadi alətlərdən, ticarət diversifikasiyası, daxili bazarın gücləndirilməsi və enerji təhlükəsizliyi layihələrindən istifadə edə bilər. Bununla yanaşı, Avropanın vahid mövqe nümayiş etdirməsi üçün siyasi iradənin institusional mexanizmlərlə dəstəklənməsi həlledici rol oynayır. Avropa üçün əsas çağırış yalnız ABŞ təzyiqlərinə cavab vermək deyil, həm də daxili parçalanmaları minimuma endirərək vahid strateji xətt formalaşdırmaqdır”.


 


Niyaz Hacıyev


Sfera.az