NATO ölkələrinin hərbi-dəniz qüvvələri ciddi ixtisarlarla üzləşib və rəqiblərindən geri qalmağa başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə NATO-nun Transformasiya üzrə Müttəfiq Komandanlığının rəhbəri, fransalı admiral Pyer Vandye Yunanıstanın "Kathimerini" qəzetinə müsahibəsində bildirib.
Admiral Avropa ölkələrinin dəniz arsenalındakı boşluqları etiraf edərək bildirib ki, alyansın dəniz resursları son illərdə əhəmiyyətli dərəcədə azalıb:
"Biz geridə qalmışıq. Hərbi-dəniz qüvvələrimiz ciddi şəkildə ixtisar olunub. Hazırda əsas hədəf az sayda gəmi ilə daha yüksək səmərəliliyə nail olmaqdır".
Vandye alyansın konkret olaraq hansı dövlətlərdən geri qaldığını açıqlamasa da, mövcud çatışmazlığın aradan qaldırılması üçün çıxış yolu təklif edib. Komandanın fikrincə, gəmi sayındakı kəsir müasir texnologiyalar, xüsusilə də pilotsuz uçuş aparatları (PUA) vasitəsilə doldurula bilər. Admiral qeyd edib ki, strateji əhəmiyyətli boğazların və su yollarının qorunmasında dronların tətbiqi həlledici rol oynayacaq.
Xatırladaq ki, bir müddət əvvəl "Politico" nəşri də NATO-nun dəniz gücü ilə bağlı oxşar iddialarla çıxış etmişdi. Məqalədə qeyd olunurdu ki, İran ətrafındakı gərginlik fonunda Avropa ölkələrinin Fars körfəzinə kifayət qədər hərbi gəmi göndərə bilməməsi alyansın bu sahədəki zəifliyini aşkar şəkildə ortaya qoyub.
Bəsti Rəfizadə
Sfera.az