Qısqanclıq münasibətlərdə ən çox müzakirə olunan hisslərdən biridir. Bəziləri onu sevginin sübutu kimi görür, digərləri isə münasibətləri zədələyən təhlükəli duyğu hesab edir.
Bəs əslində qısqanclıq nədir: sevginin təbii hissəsi, yoxsa güvənsizliyin göstəricisi?
Sfera.az xəbər verir ki, psixoloji araşdırmalar görə, qısqanclıq mürəkkəb bir emosiyadır. O, sevgi, qorxu, itirmə narahatlığı və özünə inamsızlıq kimi hisslərin qarışığından yaranır.
Psixoanalitik Ziqmund Freyd qısqanclığı insanın daxili qorxuları və sahiblik hissi ilə əlaqələndirirdi. Onun fikrincə, insan sevdiyi şəxsi itirmək ehtimalını düşündükdə qısqanclıq yaranır və bu bəzən şüuraltı qorxuların nəticəsi olur.
Psixoloq Com Qottman bildirib ki, müəyyən səviyyədə qısqanclıq münasibətdə bağlılıq hissinin mövcudluğunu göstərə bilər. Yəni insanın qarşı tərəfi dəyərli hesab edir və onu itirmək istəmir. Lakin o da vurğulayır ki, nəzarətə çevrilən və davamlı şübhə yaradan qısqanclıq artıq sağlam sayılmır.
Psixoloq Karl Rogers isə insan münasibətlərində güvənin əsas rol oynadığını qeyd edib. Onun yanaşmasına görə, sağlam münasibətdə tərəflər bir-birini olduğu kimi qəbul edir və daim nəzarət etməyə ehtiyac duymur. Güclü qısqanclıq çox vaxt daxili güvənsizlik və özünə inam çatışmazlığı ilə bağlı olur.
Araşdırmalar göstərir ki, qısqanclığın forması mühüm rol oynayır. Sağlam qısqanclıq açıq ünsiyyətə səbəb olur və tərəflər hisslərini bölüşür. Zərərli qısqanclıq isə nəzarət, qadağalar və mübahisələrlə nəticələnir. Bu halda münasibət daha çox stress və gərginlik üzərində qurulur. Beləliklə, qısqanclıq nə tam olaraq sevginin əlamətidir, nə də yalnız güvənsizlik. O, hər iki hissənin qarışığı ola bilər.
Əsas fərq onun necə yaşanması və idarə olunmasıdır. Əgər qısqanclıq qarşı tərəfə hörmət çərçivəsində qalırsa və münasibəti gücləndirirsə bu müəyyən qədər normal sayılır. Amma əgər azadlığı məhdudlaşdırır və güvəni sarsıdırsa artıq problemə çevrilir. Nəticə olaraq demək olar ki, sevgi güvən üzərində qurulur. Qısqanclıq isə bu münasibətdə yalnız kiçik və nəzarətdə saxlanılan bir hissə ola bilər. Əks halda, sevgi adı altında güvənsizlik münasibətin əsasını zəiflədə bilər.
Mənsumə
Sfera.az