Rusiyanın paytaxtı Moskvada 5 ­– 9 may Qələbə Günü şənlikləri ərəfəsində təhlükəsizlik məqsədilə genişmiqyaslı rabitə məhdudiyyətləri tətbiq edilib. Şəhər daxilində mobil internet və SMS xidmətlərinə çıxış tamamilə dayandırılıb, simli internet xidməti isə yalnız məhdud ərazilərdə fəaliyyət göstərir.




Sfera.az xəbər verir ki, telekommunikasiya şirkətləri abonentləri qabaqcadan məlumatlandıraraq kəsintilər barədə xəbərdarlıq ediblər.


 


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, məhdudiyyətlər yalnız təhlükəsizlik tədbirləri çərçivəsində tətbiq olunub. Rəsmilər əlavə ediblər ki, bu addımlar paytaxtda keçiriləcək şənliklər zamanı mümkün təhdidlərin qarşısını almaq məqsədi daşıyır.




Qeyd edək ki, mart ayında da Moskvada oxşar rabitə məhdudiyyətləri tətbiq olunmuşdu. Həmin dövrdə şəhər sakinləri yalnız “ağ siyahı” adlanan müəyyən internet xidmətlərinə daxil ola bilirdilər. Bu təcrübə həm yerli hakimiyyətin, həm də rabitə şirkətlərinin təhlükəsizlik və nəzarət tədbirlərini sərtləşdirməyə hazır olduğunu göstərir. Son günlərdə Ukraynadan Moskvaya edilən dron hücumlarında artım müşahidə olunur.


 


Ötən gün paytaxtda çoxmərtəbəli binaya bir dronun düşdüyü bildirilib. Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, Moskva da daxil olmaqla, müxtəlif bölgələrdə hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 289 dron vurulub. Məhz bu hadisələr paytaxtdakı təhlükəsizlik tədbirlərinin maksimum dərəcədə sərtləşdirilməsinə səbəb olub.Rəsmilər bildirirlər ki, Qələbə Günü şənlikləri boyunca oxşar təhlükəsizlik tədbirləri davam edə bilər. Mobil rabitə və internet kəsintiləri, eləcə də şəhərdə artan nəzarət, Moskvanın genişmiqyaslı bayram hazırlıqlarının bir hissəsi kimi qiymətləndirilir.


 


Mənsumə

Sfera.az