Türkiyənin məşhur seriallarından biri olan “Kıskanmak” ekranlara vida etməyə hazırlaşır.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, serialda Özgü Namal, Səlahəddin Paşalı, Mehmet Günsür və Hafsanur Sancaktutan kimi tanınmış aktyorlar rol alırdı.
Layihənin çəkilişləri artıq başa çatıb və heyət son dəfə bir araya gələrək vida mərasimi keçirib.
Məlumata görə, “Ay Yapım” tərəfindən istehsal olunan və “NOW TV” kanalında yayımlanan serialın son səhnələri çəkilib. Rejissor Nadim Güç və yaradıcı heyət bu anı vida tortu kəsərək qeyd ediblər.
Serial 19 may tarixində yayımlanacaq 33-cü bölümü ilə final edəcək. Son bölümdə hadisələr daha da dramatik xarakter alacaq. Mediha keçmişi ilə üzləşərkən, Cihan Senihanın yalanları ilə sarsılacaq. Nalan isə Mükerremdən qaçmaq üçün riskli addım atacaq. Eyni zamanda Mediha həyatını dəyişəcək mühüm qərar vermək məcburiyyətində qalacaq.
Qeyd edək ki, serialın son bölümlərində yer alan bəzi süjet xətləri tamaşaçılar arasında ciddi narazılıq yaradıb. Xüsusilə üç qadın obrazın həyat yoldaşlarından başqa kişilərdən hamilə qalması sosial mediada geniş müzakirələrə səbəb olub. Artan reaksiyalardan sonra bəzi izləyicilər “RTÜK”ə müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini tələb ediblər.
Fidan Hacızadə
Sfera.az