Vaşinqtonda Ağ Ev yaxınlığında təhlükəsizlik qüvvələrinə atəş açılıb.
Şübhəli baş verən atışmada güllələnərək zərərsizləşdirilib, hadisədə bir uşaq da xəsarət alıb.
Sfera.az xəbər verir ki, ABŞ-nin ən təhlükəsiz ərazilərindən biri hesab olunan Ağ Ev ətrafında baş verən silahlı insident panikaya səbəb olub. Təhlükəsizlik qüvvələrinə atəş açan şübhəli Məxfi Xidmət tərəfindən zərərsizləşdirilib. ABŞ Məxfi Xidmətinin açıqlamasına görə, şübhəli təhlükəsizlik işçilərinin yaxınlaşdığını görən zaman piyada qaçmağa başlayıb və bu müddət ərzində onlara atəş açıb. Məxfi Xidmətin cavabı nəticəsində şübhəli güllələnərək zərərsizləşdirilib. Yaralı şəxs xəstəxanaya çatdırılıb. Rəsmilər bildiriblər ki, şübhəlinin atəşi nəticəsində bir uşaq da xəsarət alıb.
Uşağın həyati təhlükəsi olmadığı və hazırda xəstəxanada müalicə aldığı açıqlanıb. Məxfi Xidmətin açıqlamasına görə, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin karvanı hadisədən bir müddət əvvəl ərazidən keçib. Şübhəlinin karvanı hədəf almağa cəhd etdiyi ilə bağlı heç bir dəlil yoxdur. İstintaq orqanları hadisənin ABŞ prezidenti Donald Trampa qarşı mümkün hücumla əlaqəsi olub-olmadığını da araşdırır. Hazırda bu istiqamətdə heç bir dəqiq məlumat yoxdur araşdırmalar davam edir. Göründüyü kimi, paytaxtda təhlükəsizlik tədbirləri son dövrlər daha da artırılıb. Xatırladaq ki, ötən ay Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən silahlı insidentdən sonra protokollar sərtləşdirilib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır, şübhəlinin motivi və hücumun səbəbləri öyrənilir.
Mənsumə
Sfera.az