Mayın 4-də İlham Əliyev ilə Ciorcia Meloni arasında keçirilən geniş tərkibli görüş Azərbaycan-İtaliya münasibətlərinin strateji mahiyyətini bir daha ön plana çıxarıb.
Xüsusilə son illərdə enerji əməkdaşlığı fonunda dərinləşən tərəfdaşlıq bu görüşdə əsas müzakirə mövzularından biri kimi diqqət çəkib. Avropanın enerji təhlükəsizliyinin aktuallaşdığı bir dövrdə Bakıda baş tutan bu təmas, həm regional, həm də qlobal enerji balansı baxımından mühüm siqnallar verir.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban İtaliya Baş nazirinin proqramında dəyişiklik edərək İrəvandakı tədbirdə uzun müddət qalmaması və Bakıya gəlməsinin təsadüfi olmadığını hesab edir. Onun fikrincə, bunun arxasında real enerji maraqları dayanır:
“Azərbaycan qazı artıq İtaliya bazarında ciddi paya malikdir. Belə ki, ötən il İtaliya “Trans Adriatic Pipeline” (TAP) vasitəsilə Azərbaycandan 9,5 milyard kubmetr qaz idxal edib və bu, ölkənin qaz bazarında təxminən 16 faizlik pay deməkdir. Ümumilikdə isə son 5 ildə Azərbaycan İtaliyaya 42 milyard kubmetrdən çox qaz satıb. Rəsmi Bakı yaxın illərdə qaz ixracını artırmaq potensialına malikdir və bunun üçün yeni böyük layihələrin tam işə düşməsini gözləməyə belə ehtiyac olmaya bilər. Artımın əsas mənbələri kimi iki istiqamət göstərilir: “Azəri-Çıraq-Günəşli” blokundan əldə olunacaq əlavə qaz həcmləri və “yaşıl enerji” istehsalının genişlənməsi hesabına daxili istehlakda qənaət ediləcək qaz”.
Mütəxəssis bildirir ki, tərəflərin verdiyi mesajlar yaxın gələcəkdə Azərbaycan-İtaliya enerji əməkdaşlığının daha da genişlənəcəyini deməyə zəmin yaradır:
“Rəsmi bəyanatlarda konkret rəqəmlər açıqlanmasa da, həm Bakı, həm də Roma mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edib və bu istiqamətdə yeni addımların atılması niyyətini ortaya qoyub. Bu kontekstdə İtaliya Azərbaycanın enerji ixracında əsas tərəfdaşlardan biri olaraq qalır. Həm neft, həm də qaz sahəsində əməkdaşlıq genişdir və İtaliya Azərbaycanın Avropaya açılan əsas enerji qapılarından biri hesab olunur. Mövcud geosiyasi şərait, xüsusilə alternativ tədarük marşrutlarında yaranan qeyri-müəyyənliklər fonunda Azərbaycanın rolu daha da artır. Bütün bunlar fonunda İtaliya Baş nazirinin Bakıya səfəri təkcə diplomatik jest deyil, həm də enerji əməkdaşlığının növbəti mərhələsinə keçidin praktik başlanğıcı kimi qiymətləndirilə bilər”.
Firuzə Əliyeva
Sfera.az