9-cu sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlanıb və ortaya çıxan statistika maraqlı müzakirələrə səbəb olub. Belə ki, imtahanda maksimum nəticə, 300 bal toplayan 8 nəfər şagirddən 7-si qızdır. Bu göstərici son illərdə tez-tez müşahidə olunan bir tendensiyanı bir daha gündəmə gətirib: qızlar akademik nəticələrdə oğlanları üstələyir. Maraqlıdır, bu tendensiya illərdir necə davam edir? 




Sfera.az-a məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu göndərib.


 


Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərin gender balansı son 30 ildə bir neçə dəfə kəskin dəyişikliyə uğrasa da, son illərin mənzərəsi qızların liderliyini birmənalı şəkildə təsdiqləyir.




Statistikaya əsasən, həm qız, həm də oğlan abituriyentlərin sayının ən pik həddə çatdığı dövr 2008-ci il olub. Həmin il rekord sayda 59,762 qız və 56,758 oğlan abituriyent sənəd təqdim edib. Bu, son 30 ilin ən yüksək kəmiyyət göstəricisidir. Cəmiyyətdə "həmişə qızlar çox olur" fikri formalaşsa da, rəqəmlər göstərir ki, son onillikdə vəziyyət fərqli olub. Belə ki, 2013-cü ildən başlayaraq 2022-ci ilə qədər (2021-ci il istisna olmaqla) oğlan abituriyentlərin sayı qızları üstələyib. Məsələn, 2014-cü ildə 51,049 oğlan qarşısında cəmi 46,313 qız olub. 2022-ci ildə isə fərq daha da açılıb və 47,168 oğlan, 44,364 qız abituriyent qeydə alınıb.




Lakin son iki ildə trend yenidən dəyişib. 2024-cü ildə qız abituriyentlər yenidən kəmiyyət baxımından liderliyə yüksəliblər. Bu il ali məktəbə sənəd verən qızların sayı 57,704, oğlanların sayı isə 55,781 nəfər təşkil edib. Statistikalar göstərir ki, 9-cu sinif buraxılış imtahanlarında maksimum nəticə göstərən 8 nəfərdən 7-nin qız olması təsadüfi deyil. Bu, qızların həm kəmiyyət, həm də təhsilə meyillilik baxımından artan dinamikasının nəticəsidir.




Bəs oğlanların akademik nəticələrinin nisbətən aşağı olmasının səbəbi nədir? 


 





Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, 11 illik nəticələrə baxanda görünür ki, maksimal nəticə əldə edən şagirdlərin əksəriyyəti oğlanlardır, amma yenə də ümumi mənzərədə qızların sayı oğlanlardan daha çoxdur:




“Hər il situasiya dəyişir. Bəzi dövr qızlar, bəzi dövr oğlanlar nəticələri, akademik göstəriciləri, təhsil göstəriciləri yaxşı olur. Amma ümumi müşahidədə oğlanların bir qədər nəticələrinin, yəni təhsil göstəricilərinin aşağı olduğu məlumdur. Və bu da bilirsiniz ki, oğlanlar daha çox texnoloji alətlərə maraqlıdırlar, daha çox texnoloji alətlərlə vaxt keçirirlər, mobil oyunlar və yaxud da belə oyunlar, sosial platformalardan istifadəyə üstünlük verirlər. Müqayisə etsək, oğlanlar daha çox texnoloji alətlərə erkən yaşda başlayırlar, amma qızlar üçün müəyyən məhdudiyyətlər var, onlar müəyyən bir dövr keçir, sonra texnoloji alətlərdən istifadə edirlər. Və bu da təbii ki, oğlanların təhsil prosesindən bir qədər uzaqlaşmasına səbəb olur. Yəni demək olar ki, təhsil göstəricisinə təsir edən amillərdən başlıcası budur. Amma ümumilikdə dediyim kimi, nəticələr onu deməyə əsas verir ki, həm oğlanların, həm də qızların nəticələri ildən-ilə dəyişir”.




Ekspert valideynlərə səslənərək, övladlarını erkən yaşda texnoloji alətlərdən uzaq tutmağı tövsiyə edib və uşaqların əsas istiqamətlərinin təhsilə yönləndirilməli olduğunu bildirib. 




Bəsti Rəfizadə

Sfera.az