Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan “Azadlıq Layihəsi” əməliyyatının başlanmasına baxmayaraq, ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadası tam qüvvədə qalır.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset Pentaqonda keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ABŞ boğaz üzərində genişmiqyaslı təhlükəsizlik sistemi qurub:
“ABŞ-dən dünyaya bir hədiyyə olaraq, boğaz üzərində qırmızı, mavi və ağ təhlükəsizlik ‘günbəzi’ yaratmışıq. Amerika esminetsləri mövqelərini qoruyur və yüzlərlə qırıcı təyyarə, helikopter, pilotsuz uçuş aparatı və kəşfiyyat təyyarələri tərəfindən dəstəklənir. Bu qüvvələr İran istisna olmaqla, dinc ticarət gəmilərini 24 saat nəzarətdə saxlayır. Məhz buna görə də blokada tam qüvvədə qalır”.
Nazir əlavə edib ki, “Azadlıq Layihəsi”nin icrasına başlanıldığı vaxtdan bəri İran limanlarını tərk etməyə çalışan altı gəmi geri qaytarılıb.
Qeyd edək ki, ABŞ ordusu aprelin 13-də İrana qarşı dəniz blokadasına start verib. ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına yönələn və ya ölkə limanlarını tərk etməyə çalışan bütün gəmilərin hərəkətini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb.
Fidan Hacızadə
Sfera.az