Dünyada infeksion xəstəliklərin yayılma sürəti artdıqca, insanları ən çox narahat edən məsələlərdən biri də virusların ötürülmə yollarıdır. Tibbi statistikaya görə, ən sürətli və kütləvi yoluxma halları məhz hava-damcı yolu ilə baş verir. 


 


Bəs bu "səssiz təhlükə" hansı xəstəlikləri əhatə edir?


 


Sfera.az mütəxəssis rəylərinə istinadən xəbər verir ki, hava-damcı yolu ilə yoluxma mexanizmi xəstə insanın asqırması, öskürməsi, hətta adi danışığı zamanı havaya yayılan mikroskopik damcılar vasitəsilə reallaşır. Bu damcılar havada müəyyən müddət asılı qala bilir və ya birbaşa digər şəxsin tənəffüs yollarına daxil olur.




Qrip




Hava-damcı yolla ən aktiv yayılan xəstəlik qripdir. Hər il milyonlarla insanın yoluxduğu bu mövsümi xəstəlik havada sürətlə yayılır. Xüsusilə qapalı məkanlarda yoluxma riski 80%-ə qədər yüksəlir. 




Məxmərək və Qızılca




Əsasən uşaqlar arasında sürətlə yayılan bu viruslar tənəffüs yolları ilə orqanizmə daxil olur. Qızılca hava-damcı yolu ilə keçən ən yoluxucu xəstəliklərdən biri hesab olunur.


 


Ağciyər vərəmi


 


Vərəm xəstəsi olan şəxs öskürərkən havaya milyonlarla bakteriya buraxır. Bu xəstəlik uzunmüddətli və ciddi yanaşma tələb edən müalicə prosesinə malikdir.


 


Suçiçəyi


 


Yüksək yoluxuculuq qabiliyyətinə malik olan bu infeksiya hava axını ilə hətta otaqdan-otağa belə keçə bilir. 


 


Meningit və COVID-19


 


Bu xəstəliklər də kütləvi yayılma xüsusiyyətinə görə məhz hava-damcı qrupuna daxildir. 


 


Bəs kimlər daha çox risk altındadır? 


 


Hava-damcı yolu ilə keçən xəstəliklərə qarşı hər kəs həssas olsa da, bəzi qruplar daha böyük təhlükə altındadır.




Azyaşlı uşaqlar və yaşlılar;

İmmuniteti zəif olan şəxslər;

Qapalı və havasız məkanlarda (ofis, məktəb, ictimai nəqliyyat) uzun müddət vaxt keçirənlər.




Ekspertlər sürətlə yayılan xəstəliklərdən qorunmaq üçün bir neçə sadə, lakin həyati əhəmiyyətli addımı vacib sayırlar. 




Onların fikrincə, otağın havasını tez-tez dəyişmək virusların konsentrasiyasını əhəmiyyətli dərəcədə azaldır. Eləcə də əllərin mütəmadi yuyulması və üz nahiyəsinə toxunmamaq əsas şərtdir.




Digər vacib məsələ xəstəlik əlamətləri olan şəxslərlə ən azı 1,5-2 metr məsafə saxlanılmalıdır.




Lakin həkimlər hava-damcı yolu ilə yayılan xəstəliklərə (qızılca, qrip, meningit) qarşı ən effektiv qorunma üsulunun vaxtında peyvənd olduğunu bildirirlər.


 


Bəsti Rəfizadə

Sfera.az