Türkiyə müdafiə sənayesində yeni mərhələyə keçdiyini göstərən mühüm addım atıb.


 


Ölkə “YILDIRIMHAN” adlı ilk qitələrarası ballistik raketini ictimaiyyətə təqdim edib.


 


Sfera.az xəbər verir ki, raket İstanbulda keçirilən “SAHA EXPO 2026” beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisində nümayiş olunub. Məlumata görə, layihə Türkiyənin Milli Müdafiə Nazirliyinin Tədqiqat və İnkişaf strukturları tərəfindən hazırlanıb. Bildirilir ki, “YILDIRIMHAN” Türkiyənin indiyədək istehsal etdiyi ən uzunmənzilli və ən iri raket sistemlərindən biri hesab olunur.


 


Raketin əsas texniki xüsusiyyətləri belədir:


 


• Uçuş məsafəsi: təxminən 6000 km •


 


• Sürət: Mach 9-dan Mach 25-ə qədər


 


• Yanacaq növü: maye azot tetroksidi (N₂O₄)


 


• Mühərrik sistemi: 4 ədəd raket mühərriki


 


Qeyd olunur ki, bu göstəricilər təsdiqlənəcəyi halda, “YILDIRIMHAN” Türkiyənin uzaqmənzilli zərbə imkanlarını ciddi şəkildə genişləndirə bilər. Ekspertlər bu raketi ölkənin müdafiə sənayesində “yeni mərhələ” kimi qiymətləndirirlər.


 


Sərgidə nümayiş etdirilən raketin mobil buraxılış platformasında təqdim olunduğu da bildirilir. Layihənin tam yerli resurslarla hazırlandığı və yaxın gələcəkdə sınaq mərhələsinə keçə biləcəyi qeyd olunur. Bununla yanaşı, sosial şəbəkələrdə yayılan videolarda Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin çıxışı da diqqət çəkib. O bildirib ki, ölkə bu cür strateji silahları zərurət yaranacağı halda istifadə etməkdən çəkinməyəcək.


 


Qeyd edək ki, Türkiyə son illərdə müdafiə sənayesində, xüsusilə pilotsuz uçuş aparatları, raket texnologiyaları və yüksək dəqiqlikli silah sistemləri sahəsində sürətli inkişaf nümayiş etdirir. “YILDIRIMHAN” layihəsi isə bu istiqamətdə ən iddialı addımlardan biri kimi qiymətləndirilir.


 


Firuzə Əliyeva


Sfera.az