Bu gün Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə Günü qeyd olunur.


 


Sfera.az xatırladır ki, məqsəd insan alveri kimi ağır cinayətə qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətin məlumatlandırılması və bu problemin miqyasına diqqət çəkilməsidir. Müasir dövrün ən təhlükəli transmilli cinayətlərindən biri hesab edilən insan alveri hər il milyonlarla insanın həyatını məhv edir. Beynəlxalq qiymətləndirmələrə görə, hazırda dünyada təxminən 14 milyona yaxın insan məcburi əmək və ya cinsi istismara məruz qalır. Qurbanların mühüm hissəsini qadınlar və uşaqlar təşkil edir, xüsusilə uşaqların payı bəzi hesabatlarda 30-40 faiz civarında göstərilir.


 


Ekspertlər bildirirlər ki, yoxsulluq, işsizlik, qeyri-qanuni miqrasiya, münaqişələr və sosial bərabərsizlik insan alverinin yayılmasına şərait yaradan əsas amillərdir. Bu cinayət növü həm də böyük gəlir gətirdiyi üçün beynəlxalq cinayətkar şəbəkələrin diqqət mərkəzindədir. Azərbaycanda da insan alverinə qarşı mübarizə davam etdirilir. Rəsmi məlumatlara əsasən, 2024-cü ildə ölkədə 161 insan alveri faktı qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici 159 olub. Həmin dövrdə onlarla şəxs insan alverinin qurbanı kimi müəyyən edilərək müvafiq dövlət qurumları tərəfindən müdafiə tədbirləri ilə əhatə olunub.


 


Rəqəmlər göstərir ki, qurbanların əksəriyyəti qadınlardır və onlar əsasən cinsi istismara məruz qalırlar. Bununla yanaşı, məcburi əmək halları da qeydə alınır. Mütəxəssislər qeyd edirlər ki, Azərbaycan həm mənşə, həm də müəyyən hallarda tranzit ölkə kimi bu problemdən təsirlənir. Ölkədə insan alverinə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub. Bu sahədə xüsusi dövlət proqramları həyata keçirilir, hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri görülür, qurbanlar üçün sığınacaqlar fəaliyyət göstərir və onlara hüquqi, psixoloji, sosial yardım göstərilir. Eyni zamanda, maarifləndirmə tədbirləri də genişləndirilir.


 


Aidiyyəti qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən vətəndaşlara insan alverinin riskləri və qorunma yolları barədə məlumat verilir. Mütəxəssislər vətəndaşları xüsusilə xaricdə iş vəd edən şübhəli təkliflərə qarşı diqqətli olmağa çağırır. Rəsmi müqavilə olmadan işə razılıq vermək, şəxsi sənədləri tanımadığınız şəxslərə təqdim etmək və qeyri-qanuni yollarla ölkə xaricinə çıxmaq insan alveri riskini artıran əsas amillər sırasındadır. Qeyd edək ki, insan alverinə qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin birgə məsuliyyəti hesab olunur. Bu istiqamətdə maarifləndirmənin artırılması və ictimai nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.


 


Firuzə Əliyeva


Sfera.az