“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe ilə yaxın olan şəxslər futbolçunun komanda yoldaşları və azarkeşlər tərəfindən ünvanlanan tənqidlərə sərt reaksiya veriblər.


 


Sfera.az xəbər verir ki, bu barədə Fransa mətbuatı, o cümlədən AFP agentliyi məlumat yayıb. “El Mundo” nəşri daha əvvəl “Real Madrid” futbolçularının Mbappenin zədədən sonra Parisə səfər etməsindən narazı qaldığını yazmışdı. Həmçinin klub azarkeşlərinin futbolçunun komandadan ayrılmasını tələb edən petisiya başlatdığı, sənədin qısa müddətdə 70 min imza topladığı bildirilir.


 


Futbolçunun yaxın çevrəsi isə yayılan tənqidlərə münasibət bildirərək, onun fəaliyyətinin yanlış şərh olunduğunu vurğulayıb. Açıqlamada qeyd olunub ki, tənqidlərin bir hissəsi onun zədədən sağalma dövründə atdığı addımların səhv anlaşılmasına əsaslanır və Mbappenin komandanın uğuru üçün gördüyü gündəlik iş nəzərə alınmır. Qeyd edək ki, 27 yaşlı Kilian Mbappe 2024-cü ildən “Real Madrid” klubunda çıxış edir. O, bu mövsüm 41 oyunda 41 qol vurub, həmçinin 6 məhsuldar ötürmə ilə yadda qalıb. Mbappe “Real Madrid”lə İspaniya Superkuboku və Qitələrarası Kuboku qazanıb. O, Fransa millisində isə Dünya Çempionatı və Millətlər Liqasının qalibi olub.


 


Niyaz Hacıyev


Sfera.az