Almaniyanın “Bayern Münhen” klubu ilə Fransanın “Paris Sen-Jermen” (PSJ) komandası UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələcək.


 


Sfera.az xəbər verir ki, qarşılaşma bu gün Münhendə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bir həftə əvvəl Parisdə keçirilən ilk oyun gərgin mübarizə şəraitində keçib və PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunundan öncə hər iki komanda daxili çempionat matçlarında heyətdə rotasiyalara üstünlük verib. PSJ pley-off mərhələsi boyunca Liqa 1 oyunlarını təxirə salmağa çalışsa da, yarımfinal ərəfəsində meydana çıxmalı olub.


 


“Bayern Münhen”in baş məşqçisi Vinsent Kompani fərqli yanaşma sərgiləyib. O, “Haydenhaym”la 3:3 hesablı heç-heçənin ikinci hissəsində əsas hücumçular, Luis Dias, Maykl Olise və Harri Keynə şans verib. Olise həmin oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Münhen təmsilçisinin hücum üçlüyü bu mövsüm yüksək məhsuldarlıq göstərərək ümumilikdə 159 qol vurub. Harri Keyn isə Çempionlar Liqasının bombardiri adına iddialıdır. O, 13 qolla “Real Madrid”in hücumçusu Kilian Mbappedən iki top geri qalaraq ikinci pillədə qərarlaşıb.


 


Niyaz Hacıyev


Sfera.az