İngiltərənin “Arsenal” komandası UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko Madrid” klubunu 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.


 


Sfera.az xəbər verir ki, Londonda keçirilən qarşılaşmada yeganə qolu 45-ci dəqiqədə Bukayo Saka vurub. Komandalar arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Beləliklə, “Arsenal” turnirin finalında “Paris Sen-Jermen” - “Bayern Münhen” cütünün qalibi ilə üz-üzə gələcək.


 


Bu komandalar arasında ilk matç Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü mayın 6-da Münhendə keçiriləcək. Qeyd edək ki, “Arsenal” tarixində ikinci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. London klubu ilk dəfə 2006-cı ildə finalda “Barselona” komandasına 1:2 hesabı ilə məğlub olmuşdu. UEFA Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniri hesab olunur. Yarışın son qalibi “Paris Sen-Jermen” klubudur. Turnir tarixində ən çox çempionluq qazanan komanda isə 15 titul ilə “Real Madrid” hesab olunur. Xatırladaq ki, Çempionlar Liqasının final oyunu mayın 30-da Budapeştdə keçiriləcək.


 


Niyaz Hacıyev


Sfera.az