Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında övladları Arda və Arının 10 yaşı münasibətilə duyğusal paylaşım edib.
Sfera.az xəbər verir ki, aparıcı əkiz övladlarının doğum gününü qeyd edərək illərin necə sürətlə keçdiyini vurğulayıb.
O, ilk dəfə övladlarını qucağına aldığı anı xatırladığını və zamanın onları necə böyütdüyünü hiss etdiyini bildirib:
"Mənim can parçalarım, Arda və Arınım,bu gün 10 yaşınızı doldurursunuz. On il... Sanki dünən idi ilk dəfə qucağıma alanda titrəyən əllərim. Gözümü qırpdım, siz böyüdünüz. Vaxt məndən sizi oğurlayıb apardı. Bu dünya qarışıqdır, əzizlərim.Haqsızlıq da var, ağrı da. Bu dünyada sizi nələr gözləyir? Necə qoruyacam sizi bütün kədərlərdən, pisliklərdən? Bu suallar yuxumu qaçırır".
Paylaşımında həyatın çətinliklərinə də toxunan Hidayətqızı, övladlarını bütün pisliklərdən qorumaq istədiyini, bunun üçün isə ən böyük gücünün duaları olduğunu qeyd edib:
"Dualarımda gecə-gündüz əllərimi göyə açıb yalvarıram. İnanıram ki, Rəbbim bir ananın yalvarışını geri çevirməz. O, sizin görünməyən qalxanınız olacaq. Hər addımınızda sizi pislikdən, bəladan qoruyacaq. Sizdən nə istəyirəm? Saraylar, var-dövlət deyil. Tək diləyim var: Sağlam olun. Nəfəs aldığınız hər an üçün şükür edin. Çünki ən böyük zənginlik can sağlığı, ən böyük sərvət hüzurlu bir ürəkdir. Qəlbiniz daşlaşmasın. Nə olursa-olsun, vicdanlı olun. Haqqın yanında durun. Yıxılanın əlindən tutun. Heç bir qüvvə, heç bir şərait ürəyinizdəki mərhəməti öldürməsin. Mərhəmətiniz sizin gücünüz olsun".
Sonda isə Xoşqədəm Hidayətqızı övladlarını "bu dünyadakı cənnəti” adlandıraraq onları çox sevdiyini qeyd edib. \azxeber.com