Ağ Evdə keçirilən işgüzar tədbirdə ABŞ prezidenti Donald Tramp növbəti illərlə bağlı diqqətçəkən açıqlama verib.


 


O bildirib ki, daha səkkiz-doqquz il prezident kimi fəaliyyət göstərəcək. Sadə riyazi yanaşma isə bu müddətin faktiki olaraq daha uzun dövrə işarə edə biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.


 


Maraqlıdır, Tramp üçüncü müddətə namizəd ola bilərmi?


 


Politoloq Əziz Əlibəyli Sfera.az-a açıqlamasında bildirib ki, 1953-cü ildə qəbul olunmuş 22-ci düzəlişə əsasən, ABŞ prezidentinin üçüncü dəfə seçilməsi hüquqi baxımdan qadağandır.


 



 


Onun sözlərinə görə, bu qadağanın aradan qaldırılması yalnız konstitusiyaya dəyişiklik edilməsi və bunun ardınca geniş ictimai dəstək tələb edən referendum və ratifikasiya prosesi ilə mümkündür:


 


“Mövcud hüquqi çərçivə daxilində bu qaydanın pozulması və ya yan keçilməsi nəzərdə tutulmur. Lakin Donald Trampın bu mövzuda səsləndirdiyi mesajlar hüquqi mexanizmlərdən daha çox siyasi ritorika və güc balansı üzərində qurulan ehtimalları ön plana çıxarır. Bu yanaşma hüququn sabit çərçivəsindən kənara çıxaraq, real siyasi və hərbi qüvvə münasibətlərinin daha dominant rol oynadığı bir perspektivi gündəmə gətirir”.


 


Politoloq qeyd edib ki, hazırkı qlobal təhlükəsizlik mühiti də bu müzakirələri daha mürəkkəb edir:


 


“Dünyanın müxtəlif regionlarında artan qarşıdurmalar, strateji gərginliklər və nüvə silahı riski beynəlxalq sistemdə qeyri-müəyyənliyi artırır. Belə şəraitdə bəzi analitik yanaşmalara görə, fövqəladə geosiyasi böhranlar zamanı hüquqi normalar müvəqqəti olaraq arxa plana keçə və güc amili daha həlledici ola bilər. Bu kontekstdə Trampın ifadə etdiyi fikirlərin reallaşma ehtimalı hüquqi deyil, məhz siyasi-hərbi dinamikanın necə inkişaf edəcəyindən asılı kimi qiymətləndirilir. Bəzi ekspertlər isə hazırkı beynəlxalq vəziyyəti Birinci və İkinci Dünya Müharibəsi öncəsi dövrlərlə müqayisə edərək, Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranan gərginliyin daha geniş miqyaslı qlobal qarşıdurmalara doğru eskalasiya riski daşıya biləcəyini vurğulayırlar”.


 


Niyaz Hacıyev


Sfera.az