“Zorlu” holdinqin ilin əvvəlində banklarla genişmiqyaslı danışıqlar apardığı barədə məlumat yayılmışdı.


 


Sfera.az xəbər verir ki, şirkətin 2024-cü il fəaliyyət hesabatına əsasən, banklardan cəlb olunan 3,2 milyard dollarlıq kredit portfelinin təxminən yarısı dollar, üçdə biri avro, qalan hissəsi isə TL (türk lirəsi) cinsində olan kreditlərdən ibarətdir. Məlumata görə, tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib və “Zorlu” holdinq 3,2 milyard dollarlıq borcun restrukturizasiyası ilə bağlı banklarla razılığa gəlib.


 


Şirkətin borcunun yenidən strukturlaşdırılması ilə bağlı rəsmi açıqlamanı cümə axşamı ictimaiyyətə təqdim edəcəyi bildirilir. Enerji, tekstil, məişət texnikası və texnologiya kimi müxtəlif sahələrdə fəaliyyət göstərən “Zorlu” holdinq son illərdə artan maliyyə xərcləri və qlobal iqtisadi dalğalanmalar səbəbindən borc yükünün artması ilə üzləşib.


 


Şirkət ötən ilin sonunda restrukturizasiya çərçivəsində Gökçedağ Külək Elektrik Stansiyasındakı paylarını Rönesans Enerji şirkətinə satıb. Eyni zamanda “Zorlu” AVM-nin də satışa çıxarılması ilə bağlı xəbərlər yayılıb.


 


Qeyd edək ki, razılaşmanın detalları sabah ictimaiyyətə açıqlanacaq.


 


Niyaz Hacıyev


Sfera.az