Yaponiyada alimlər diş itkisi probleminə köklü həll vəd edən yeni müalicə üsulu kəşf ediblər.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Kyoto University” alimləri tərəfindən hazırlanan innovativ dərman, gələcəkdə itirilmiş dişlərin yenidən çıxmasına imkan yarada bilər.


 


Məlumdur ki, insan bədəninin ən sərt quruluşu sayılan diş minası sınıq sümüklərdən fərqli olaraq öz-özünü bərpa etmir. Bu səbəbdən diş itkisi uzun illərdir stomatologiyada ən çətin problemlərdən biri hesab olunur. Lakin yeni araşdırma bu sahədə inqilabi dəyişiklik vəd edir.


 


Alimlərin hazırladığı müalicə üsulu “USAG-1” adlı zülalın fəaliyyətini bloklamağa yönəlib. Tədqiqatlar göstərib ki, bu zülal siçan və ferretlərdə diş inkişafını məhdudlaşdırır. Yeni yanaşmada isə xərçəng müalicəsində geniş istifadə olunan monoklonal antikor texnologiyasından faydalanılıb.


 


Müalicənin əsas mexanizmi “USAG-1” ilə sümük inkişafında rol oynayan zülallar arasındakı qarşılıqlı əlaqəni dayandırmaqdır. Bu isə orqanizmdə gizli qalmış diş bərpa mexanizmini aktivləşdirə bilər. Heyvanlar üzərində aparılan sınaqlarda artıq yeni dişlərin əmələ gəldiyi müşahidə olunub.


 


İnsanlar üzərində ilk klinik sınaqlar 2024-cü ilin sentyabr ayında başlayıb. İlkin mərhələdə sınaq 30-64 yaş arası və ən azı bir dişi olmayan 30 könüllü üzərində aparılıb.


 


Tədqiqatçılar bildirirlər ki, klinik sınaqlar uğurla davam edərsə, bu dərman 2030-cu ilə qədər geniş istifadəyə verilə bilər. Bu isə diş implantlarına alternativ olaraq tamamilə yeni bir dövrün başlanğıcı deməkdir.


 


Fidan Hacızadə

Sfera.az