ABŞ-nin Bağdaddakı səfirliyi İraq hökumətinə qarşı ciddi ittihamlarla çıxış edib. 


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin rəsmi saytında yayılan bəyanatda bildirilib ki, hökumətlə əlaqəli bəzi şəxslər terrorçu qruplara fəal şəkildə dəstək göstərirlər.


 


Açıqlamada qeyd olunur ki, bu “elementlər” terror təşkilatlarına yalnız siyasi deyil, həm də maliyyə və əməliyyat baxımından yardım edir. Səfirlik hesab edir ki, bu dəstək ölkə ərazisində ABŞ ilə bağlı hədəflərə qarşı yeni hücumların hazırlanmasına şərait yaradır.


 


Diplomatik nümayəndəliyin qiymətləndirməsinə görə, yaxın gələcəkdə İraq ərazisində, xüsusilə İraq Kürdüstanı bölgəsində təhlükəsizlik riski daha da arta bilər. Bu səbəbdən səfirlik ABŞ vətəndaşlarına təhlükəsizlik məqsədilə ehtiyatlı olmağı tövsiyə edib.


 


Eyni zamanda vətəndaşlara Bağdaddakı səfirliyə və ya Ərbil şəhərində yerləşən baş konsulluğa şəxsən müraciət etməmək çağırışı edilib.


 


Fidan Hacızadə

Sfera.az