39 yaşlı braziliyalı hücumçu Halk gələn ilin dekabrına qədər “Fluminense” ilə müqavilə imzalayıb.
Sfera.az xəbər verir ki, futbolçu yalnız Braziliya klublararası turnir fasiləsindən sonra komanda ilə məşqlərə qoşula və rəsmi oyunlarda iştirak edə biləcək. Növbəti transfer pəncərəsi iyulun 20-də açılacaq. Halk yeni klubunda “7” nömrəli formanı geyinəcək. Bu nömrənin əvvəlcə Soteldoya aid olduğu, lakin klublararası Dünya Kubokundan sonra dəyişiklik ediləcəyi bildirilir.
Sezonun əvvəlindən “Fluminense”nin əsas transfer hədəfi olan Halk üçün “Atletiko Mineyro” ilə danışıqlar uzun müddət nəticəsiz qalmışdı. Klubun yüksək tələbləri səbəbindən razılaşma gecikib və futbolçu sonda müqaviləsinə xitam verib. “Atletiko Mineyro”da ümumilikdə 311 oyunda 140 qol və 55 məhsuldar ötürmə ilə yadda qalan hücumçu bu klubla Braziliya çempionluğu (2021), Braziliya Kuboku (2021) və Superkubok (2022) daxil olmaqla bir sıra titullar qazanıb.
“Fluminense”də isə Halk keçmiş komanda yoldaşları ilə yenidən bir araya gələcək. Onun “Atletiko Mineyro”da birlikdə oynadığı Quqa, Guilherme Arana, İqor Rabello, Otavio və Savarino artıq “Tricolor” heyətində çıxış edirlər. Bundan başqa, Ganso və Samuel Xavier də keçmiş “Atletiko” təcrübəsinə malik futbolçulardandır.
Niyaz Hacıyev
Sfera.az