Cari ildən etibarən orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırılır ki, cari tədris ilinin qəbul planına əsasən, aşağıdakı ixtisas kodları üzrə qəbul komissiyaları fəaliyyət göstərməyəcək: 




6401 – Fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – Fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).




Bu qərarla bağlı abituriyentlərin ixtisas seçimi zamanı diqqətli olmaları tövsiyə olunur.


 


Bəs ümumiyyətlə, pedoqoji ixtisasların kollecdə yox, yalnız ali təhsil müəssisələrində keçirilməsi daha məqsədəuyğundur? Yeni qərar müsbət tendensiyaya səbəb olacaqmı?




Sfera.az-a bu haqda açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənlinin sözlərinə əsasən, bu qərarı sadəcə ixtisasın bağlanması kimi yox, ümumilikdə müəllim hazırlığına yanaşmanın dəyişməsi kimi dəyərləndirmək daha doğru olar:


 





“Açıq desək, müəllimlik sıradan bir peşə deyil ki, onu qısa müddətli və daha aşağı akademik baza ilə formalaşdırmaq mümkün olsun. Xüsusilə də “fiziki tərbiyə müəllimliyi” kimi həm pedaqoji, həm psixoloji, həm də sağlamlıqla bağlı ciddi məsuliyyət daşıyan bir sahədə müəllimin hazırlığı daha dərin və sistemli olmalıdır. Uzun illər kolleclər bu istiqamətdə kadr hazırlığında müəyyən boşluğu doldurub. Amma reallıq ondan ibarətdir ki, müasir təhsil artıq müəllimdən sadəcə fənni bilmək deyil, eyni zamanda metodika, uşaq psixologiyası, inklüziv yanaşma, sağlamlıq təhlükəsizliyi kimi kompleks bacarıqlar tələb edir. Bu isə daha çox ali təhsil mühitində formalaşır. Yəni məsələ diplom səviyyəsi yox, hazırlığın keyfiyyətidir. Bu baxımdan, pedaqoji ixtisasların əsasən ali təhsil müəssisələrində cəmlənməsi məntiqi addım kimi görünür”.




Ekspert bu qərarın müəllim peşəsinin nüfuzuna müəyyən mənada müsbət təsir edəcəyini bildirib:


 


“Çünki giriş baryerinin yüksəlməsi, hazırlıq müddətinin və keyfiyyətinin artması nəticədə məktəbdə daha peşəkar müəllim deməkdir. Amma burada bir incə məqam da var. Sadəcə kolleclərdə qəbulu dayandırmaq kifayət deyil. Əgər paralel olaraq ali təhsildə proqramların keyfiyyəti artırılmasa, praktik hazırlıq gücləndirilməsə, bu qərarın gözlənilən effekti tam verməsi çətin olacaq. Digər tərəfdən, regionlarda müəllim çatışmazlığı məsələsi də nəzərə alınmalıdır. Kolleclər bəzən bu boşluğu daha operativ doldura bilirdi. Yekunda deyə bilərəm ki, qərarın özü strateji baxımdan düzgün istiqamətə atılmış addımdır. Amma onun real müsbət nəticə verməsi üçün sistemli şəkildə davamı gəlməlidir. Əks halda, sadəcə struktur dəyişikliyi olaraq qalacaq, keyfiyyətə isə gözlənilən təsiri göstərməyəcək”.


 


Bəsti Rəfizadə

Sfera.az