Dünyada işsizlik böhranı ən geniş yayılmış problemlərdən biridir. Bəzi ölkələrdə bu problem artıq sosial-iqtisadi böhran həddinə çatıb.
Sfera.az bildirir ki, dünya üzrə işsizlik səviyyəsinə dair son beynəlxalq statistikalara əsasən, Beynəlxalq Valyuta Fondu və digər qlobal iqtisadi qurumların 2025-2026-cı illər üzrə açıqladığı məlumatlara əsasən, ən yüksək işsizlik göstəriciləri əsasən Afrika və Yaxın Şərq regionlarındadır.
Araşdırmaya görə, hazırda dünyada ən yüksək işsizlik səviyyəsi Sudandadır. Bu ölkədə işsizliyin 58-60 faiz səviyyəsində olduğu bildirilir. Ekspertlər bunu uzunmüddətli siyasi qeyri-sabitlik və iqtisadi çöküşlə əlaqələndirir.
Siyahıda növbəti yerləri Esvatini (təxminən 34%), Cənubi Afrika (32-33%) və Cibuti (26%) tutur. Bu ölkələrdə işsizlik artıq struktur problem kimi qiymətləndirilir və uzun illərdir davam edir.
Digər yüksək göstəricilər qeydə alınan ölkələr arasında Botsvana (23-24%) və Qabon (20%) var.
Eyni zamanda, Yaxın Şərq regionunda da işsizlik səviyyəsi yüksək olaraq qalır. Belə ki, Yəmən və Liviya kimi ölkələrdə bu göstərici 17-19 faiz aralığında dəyişir. İordaniya və İraqda da işsizlik 15 faizdən yuxarıdır.
Avropa regionunda vəziyyət nisbətən sabit olsa da, bəzi ölkələrdə orta-yüksək işsizlik səviyyəsi qalmaqdadır. Məsələn, İspaniyada işsizlik 10-11 faiz civarındadır. Postsovet məkanında isə Gürcüstan və Ermənistan kimi ölkələrdə bu göstərici 13 faizə yaxınlaşır.
Bildirilir ki, qlobal orta işsizlik səviyyəsi təxminən 5 faiz olsa da, ölkələr arasında fərq kəskin olaraq qalır. Araşdırmalar göstərir ki, ən yüksək və ən aşağı göstəricilər arasında fərq yüz dəfələrlə ölçülür.
İqtisadçılar yüksək işsizliyin əsas səbəbləri kimi siyasi qeyri-sabitlik, iqtisadi struktur problemləri və silahlı münaqişələri göstərirlər. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə gənclər arasında işsizlik səviyyəsinin rəsmi rəqəmlərdən daha yüksək olduğu vurğulanır.
Fidan Hacızadə
Sfera.az