Avropa siyasəti adətən ciddi protokol və rəsmi davranışlarla yadda qalır.


 


Lakin Albaniyanın baş naziri Edi Ramanın italiyalı həmkarı Giorgia Meloni qarşısında diz çökməsi bu ənənəni pozan nadir və diqqətçəkən jestlərdən biri kimi yenidən gündəmə gəlib.


 


İlk baxışda zarafat təsiri bağışlayan bu davranışın arxasında hansı mesajın dayandığı isə sual doğurur. Bu addım sadəcə qeyri-rəsmi jestdir, yoxsa arxasında siyasi və diplomatik məna gizlənir?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Əli Mustafa bildirib ki, Edi Ramanın bu hərəkətinin bir neçə mümkün izahı var:


 



 


“Rama kifayət qədər hündürboy siyasətçidir və diz çökərək Meloni ilə eyni səviyyəyə enməsi bunu yarızarafat, yarıciddi jest kimi izah etməyə əsas verir. Eyni zamanda, Albaniya ilə İtaliya arasında strateji münasibətlərin mövcudluğu da bu cür isti və qeyri-rəsmi davranışları şərtləndirə bilər. Digər tərəfdən, bu addım şəxsi simpatiya və hörmətin ifadəsi kimi də dəyərləndirilə bilər. Hadisənin sərt protokol qaydalarının tətbiq olunmadığı qeyri-rəsmi tədbirdə baş verməsi isə belə davranışı daha məqbul edir. Rama ev sahibi kimi qonağına qarşı centlmenlik nümayiş etdirmiş ola bilər. Bununla yanaşı, o, təcrübəli siyasətçi kimi bu jestlə həm İtaliya ilə münasibətlərin yaxınlığını göstərib, həm də beynəlxalq medianın diqqətini cəlb etməyi bacarıb”.


 


Ekspertin sözlərinə görə, nəticə etibarilə bu davranış daha çox simvolik xarakter daşıyır və yadda qalan qeyri-adi diplomatik jest kimi qiymətləndirilə bilər.


 


Qeyd edək ki, Albaniyanın Baş naziri Edi Rama İrəvanda keçirilmiş sammitdə İtaliya Baş naziri Corciya Meloni qarşısında diz çöküb.


 


Xatırladaq ki, bu hal ilk deyil. Belə ki, Edi Rama bu ilin yanvarında Əbu-Dabidə də Meloninin qarşısında diz çökmüşdü. 2025-ci ildə isə Tiranada keçirilən AQS sammitində də Edi Ramanın Giorgia Melonini qeyri-adi şəkildə, bir diz üstə salamlaması beynəlxalq mediada geniş müzakirə olunmuşdu.


 


Firuzə Əliyeva


Sfera.az