Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisius Cuniora qarşı irqçi ifadə işlətdiyinə görə iki oyunluq diskvalifikasiya edib.


 


Sfera.az xəbər verir ki, bu barədə jurnalist Rob Harris sosial media hesabında məlumat yayıb. Qərara əsasən, futbolçu Argentina millisinin heyətinə Dünya Kuboku üçün çağırılacağı təqdirdə, qrup mərhələsində Əlcəzair və Avstriyaya qarşı keçiriləcək oyunları buraxmalı olacaq.


 


Qeyd edək ki, bundan əvvəl Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Nəzarət, Etika və İntizam Orqanı Prestiannini altı oyunluq cəzalandırmış, bu cəzanın üç oyunu şərti hesab edilmişdi. Hadisə fevralın 17-də Lissabonda baş tutan qarşılaşma zamanı qeydə alınıb. Oyun "Real Madrid"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


 


Matçın yeganə qolunu vuran Vinisius Cunior sevincini qeyd edərkən "Benfika" azarkeşlərinə tərəf qaçaraq təxribat xarakterli jestlər edib. Bundan sonra o, hakimə irqçi təhqirlərlə bağlı şikayət ünvanlayıb. İspaniya mediasının məlumatına görə, futbolçu cavab oyununda iştirakdan imtina edən Prestianni tərəfindən irqçi ifadələrə məruz qalmış ola bilər. Qarşılaşma bu səbəbdən təxminən 10 dəqiqə dayandırılıb. Oyunun sonunda isə "Benfika" azarkeşləri Vinisius Cunior və digər "Real Madrid" futbolçularına müxtəlif əşyalar, o cümlədən şüşə və elektron siqaretlər atıblar.


 


Niyaz Hacıyev


Sfera.az