ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından ticarət gəmilərinin keçməsini təmin etmək üçün nəzərdə tutulmuş "Azadlıq Layihəsi" əməliyyatını dayandırıb. Tramp bunu sosial media platforması “Truth Social”da elan edib. O, bu qərarını Pakistan və digər ölkələrin xahişlərilə, İrana qarşı kampaniyada böyük hərbi uğurlarla və Tehranla tam və yekun razılaşmaya doğru əhəmiyyətli irəliləyişlə əlaqələndirib.




"Qarşılıqlı olaraq razılığa gəldik ki, blokada tam qüvvədə qalsa da, razılaşmanın yekunlaşdırılıb imzalanacağını görmək üçün "Azadlıq Layihəsi" qısa müddətə dayandırılsın", - deyə Tramp bildirib.




Bəzi şərhlərə görə, ABŞ "Azadlıq Layihəsi" əməliyyatını uğursuz olduğu üçün dayandırıb. 




Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə əsasən, Trampın bu əməliyyatı dayandırması qısa müddətlidir və danışıqlardan asılı olaraq yenidən bərpa edə bilər:




“Yəni müsbət meyllər var, artıq razılaşmanın imzalanması ehtimalı yaranıb və bu səbəbdən “Azadlıq əməliyyatı” qısa müddətə dayandırılıb. Eyni zamanda qeyd olunub ki, əgər Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü şərtlər İran tərəfindən qəbul edilməsə, əməliyyat yenidən davam etdiriləcək və ABŞ-nin hərbi gəmiləri Hörmüz boğazından keçid zamanı mülki gəmiləri müşayiət etməyə davam edəcəklər”.


 





A.Səmədov razılığa gəlmək üçün müəyyən ehtimalların da mövcud olduğunu söyləyib:




“Ehtimallar var, lakin ABŞ-nin istədiyi şərtlərin İran tərəfindən qəbul edilməsi ehtimalı o qədər də yüksək deyil. Çünki indiyədək İran yalnız müəyyən güzəştlərə getməyə hazır olduğunu göstərib, lakin öz mövqeyində kəskin dəyişiklik etmək niyyətini ortaya qoymayıb. Əgər belə bir addım atılarsa, razılığa gəlmək mümkün ola bilər və dünyanı kifayət qədər ciddi problemlərlə üzləşdirən bu münaqişəni sonlandırmaq imkanı yaranar. Əks halda isə ABŞ yeni zərbələr endirəcək və əvvəlcədən də elan olunduğu kimi, bu zərbələr elektrik stansiyalarını və körpüləri hədəf alacaq”.




Bəsti Rəfizadə

Sfera.az