Son iki ayda neft qiymətlərinin artması və Hörmüz boğazında blokadanın qalması dünyada mal və xidmətlərdə bahalaşma sürətini artırıb. Belə proqnozlaşdırılır ki, yeni vəziyyət qlobal inflyasiya səviyyəsini bir qədər də gücləndirəcək.
Bəs neftin bahalaşması və Hörmüzdəki blokada Azərbaycanda da növbəti aylarda inflyasiya göstəricilərinin yüksəlməsinə səbəb ola bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, inflyasiya illik 5,6% elan olunsa da, bunun müəyyən meyarları var:
“Belə ki, xidmət sektoru, ərzaq sektoru və idxal amili bura daxildir. Məsələyə bu prizmadən baxdıqda görürük ki, Hörmüz boğazında yaranan gərginlik kimi hallar dünya bazarlarında silsilə bahalaşmaya səbəb olur. Artıq ərzaq indekslərində mart aylarında 2,5-2,6%-ə qədər artım müşahidə olunmuşdu. Məlumdur ki, dünya bazarlarında, xüsusilə kənd təsərrüfatı sektorunda istifadə olunan azot əsaslı gübrələrin ammonyak və karbamidin istehsalında qıtlıq yaranır. Bu isə həmin məhsulların bazara çıxarılmasında problemlər yaradır. Nəticədə, buğda, qarğıdalı və düyü istehsalında istifadə olunan gübrələrin çatışmazlığı silsilə bahalaşma üçün zəmin formalaşdırır. Eyni zamanda, Hörmüz boğazı dünya bazarlarına çıxarılan neft və qazın təxminən 20-30%-ni əhatə etdiyindən, burada baş verən hər hansı gərginlik enerji qiymətlərinin artmasına səbəb olur. Bu isə daşımaların bahalaşmasına gətirib çıxarır. Bundan əlavə, təbii qazın istehsal proseslərində geniş istifadəsi səbəbindən, enerji resurslarında yaranan problemlər təchizat zəncirinə də mənfi təsir göstərir”.
İqtisadçı əlavə edib ki, bütün bu amillər ümumilikdə bahalaşma mühiti formalaşdırır:
“Nəzərə alsaq ki, Azərbaycan idxaldan müəyyən dərəcədə asılıdır, bu halda ölkə faktiki olaraq inflyasiyanı “idxal edir”. Yəni qlobal bazarlarda baş verən qiymət artımları daxili bazara da ötürülür və inflyasiyanın yüksəlməsinə səbəb olur. Bu baxımdan, gözləntilər ondan ibarətdir ki, mövcud proseslər inflyasiyanın daha da artmasına şərait yarada bilər. İqtisadi mövzular isə xüsusilə qlobal logistika və enerji dəhlizlərinin daxili bazara təsiri baxımından, hər zaman aktuallığını qoruyur”.
Fidan Hacızadə
Sfera.az