Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda “Sputnik Armenia” jurnalistinin sualını cavablandırarkən “özümü evimdəki kimi hiss edirəm” deyib.


 


O, həmçinin bildirib ki, irəli sürdüyü təkliflərin heç biri Türkiyənin maraqlarına yönəlməyib:


 


“Əsas məqsədim erməni xalqının rifahı idi”.


 


Bu açıqlamalar cəmiyyətdə və ekspertlər arasında müzakirələrə səbəb olub. Maraqlı sual isə budur: bu fikirlərin arxasında hansı real siyasi məqamlar dayanır? Serdar Kılıçın çıxışları Türkiyə–Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi, yoxsa bu, əvvəlki yanaşmaların fərqli formada təqdim edilməsidir?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalibəyli bildirib ki, Serdar Kılıçın İrəvandakı fəaliyyəti və son bəyanatları ciddi suallar yaradır:


 



 


“Diplomatik nümayəndə ilk növbədə təmsil etdiyi dövlətin maraqlarını qorumağa borcludur. Əgər o, açıq şəkildə verdiyi təkliflərin Türkiyənin xeyrinə olmadığını bildirirsə, bu artıq müzakirə mövzusudur. Dövlət nümayəndəsi öz fəaliyyətində balansı qorumalı və mandatına uyğun hərəkət etməlidir. Digər tərəfdən, İrəvanda səsləndirilən fikirlər onun fəaliyyət istiqamətinin hansı prioritetlər üzərində qurulduğunu göstərir. Əgər əsas diqqət Ermənistan cəmiyyətinin rifahına yönəlibsə, bu, təmsilçilik statusu ilə bağlı suallar doğurur. Bu məsələdə aydınlıq gətirilməsi və onun fəaliyyətinin Türkiyənin maraqları çərçivəsində qiymətləndirilməsi vacibdir. Əks halda, bu cür yanaşmalar diplomatik praktikada arzuolunmaz presedentlərin yaranmasına səbəb ola bilər”.


 


Politoloq əlavə edib ki, Türkiyə tərəfinin bu məsələyə dair mövqe bildirməsi və lazımi qiymətləndirmə aparması zəruridir.


 


 


 


Firuzə Əliyeva