Pxenyan administrasiyası Cənubi Koreya ilə birləşmə hədəfindən rəsmən imtina edərək, Seulu "düşmən dövlət" elan edib.




Sfera.az xəbər verir ki, Cənubi Koreya Birləşmə Nazirliyinin açıqlamasına görə, mart ayında qüvvəyə minən yeni konstitusiyada "anavətənin birləşməsini həyata keçirmək" hədəfi artıq yer almır.




Yenilənmiş ana qanunda Şimali Koreyanın ərazilərini müəyyən edən yeni maddə əlavə edilib. Sözügedən maddədə ölkənin sərhədləri qeyd olunarkən, şimalda Çin və Rusiya, cənubda isə rəsmi adı ilə "Koreya Respublikası" (Cənubi Koreya) ilə qonşu olan bölgələrin daxil olduğu vurğulanıb. Bu addım Şimalın Cənubu artıq "eyni millətin bir parçası" deyil, tamamilə ayrı və düşmən bir dövlət kimi tanıdığını təsdiqləyib.




Cənubi Koreyanın mülayim mövqeyi ilə tanınan Prezidenti Li Ce Myunq Şimali Koreyaya ön şərtsiz danışıqlar çağırışı edib. O, iki ölkənin sülh çiçəklərinin açmasına məhkum olduğunu desə də, Pxenyan bu çağırışlara sükutla yanaşıb. Əksinə, Şimali Koreya lideri Kim Çen In mart ayındakı çıxışında Seulu "ən düşmən dövlət" adlandıraraq gərginliyi daha da artırıb.




Ekspertlər aprel ayında 4 raket sınağı həyata keçirən və nüvə gücünü artıracağına söz verən Şimali Koreyanın bu addımını ciddi xəbərdarlıq kimi qiymətləndirirlər. Birləşmə ifadələrinin konstitusiyadan çıxarılması Pxenyanın Seula qarşı daha aqressiv və barışmaz siyasət izləyəcəyinin göstəricisi hesab olunur.




Bəsti Rəfizadə

Sfera.az