NOAA və Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) yaydığı son hesabatlar qlobal iqlim sistemində həyəcan təbili çalır. Elm adamları tarixin ən güclü iqlim hadisələrindən biri olan “Super El-Nino”nun yaxınlaşdığı barədə ciddi xəbərdarlıq ediblər.




Sfera.az xəbər verir ki, bu nəhəng iqlim hadisəsi qlobal temperatur rekordlarını alt-üst edərək 2027-ci ili tarixin ən isti ili kimi qeydiyyata sala bilər.


 


İqlim modelləri payız aylarında ekvatorial Sakit okeanın orta hissəsində dəniz səthinin temperaturunun mövsüm normalarından 3 dərəcə yuxarı qalxacağını proqnozlaşdırır. Elmi ədəbiyyatda temperaturun 2 dərəcə artması hadisənin "super" adlandırılması üçün kifayət etsə də, 3 dərəcəlik artım qlobal iqlim böhranının xəbərçisi hesab olunur.


 


Mütəxəssislər bildiriblər ki, El-Nino tərəfindən yaradılan təbii istiləşmə insan qaynaqlı iqlim dəyişikliyi ilə birləşdikdə dağıdıcı bir sinerji yaradacaq. Nəhəng dövlət qurumları və beynəlxalq təşkilatlar artıq indidən tədbir görməyə çağırılıb. Sakit okeandakı hər dərəcəlik artımın qlobal iqtisadiyyatda milyardlarla dollarlıq itkiyə səbəb ola biləcəyi vurğulanıb. Kənd təsərrüfatı istehsalında ciddi azalmalar gözlənilir.


 


Bir çox bölgədə su böhranı və quraqlıq riski artır. Dağıdıcı qasırğalar və anomal yağışlar infrastrukturun iflic olmasına gətirib çıxara bilər. "Super El-Nino" dünyanın müxtəlif yerlərində kəskin əks hava şəraiti yaradacaq. Məsələn, qərbdə həddindən artıq rütubət və istilik, cənub ştatlarında isə şiddətli quraqlıq gözlənilir. Orta və Cənubi Asiyada, eləcə də Yaxın Şərqdə mövsüm normalarından qat-qat çox yağıntı proqnozlaşdırılıb. Dağıdıcı tropik tsiklon aktivliyinin artacağı gözlənilir. 2015-ci ildə baş verən sonuncu "Super El-Nino" Efiopiyada aclığa səbəb olan quraqlığa, su böhranına və Sakit okeanda eyni vaxtda bir neçə nəhəng qasırğaya yol açıb.


 


Bəsti Rəfizadə

Sfera.az