İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı Yaxın Şərqdə yeni təhlükəsizlik strukturunun yaradılmasının vacibliyini bildirib.


 


Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.


 


Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş açıqlamada qeyd edilir:


 


“Əraqçi bildirib ki, İran müharibədən sonrakı dövrdə tarazlı inkişaf və təhlükəsizliyi təmin edə biləcək yeni regional strukturun yaradılmasını dəstəkləyir”.


 


Maraqlıdır, İranın təklif etdiyi Yaxın Şərqdə yeni təhlükəsizlik strukturu konkret olaraq necə formalaşmalıdır? Bu modeldə hansı ölkələr yer almalı, təhlükəsizlik və sabitliyi təmin etmək üçün hansı mexanizmlər tətbiq olunmalıdır?


 


Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov Sfera.az-a açıqlama verib. Onun sözlərinə, bütün gedişatlar onu göstərir ki, ABŞ və İsrail İran üzərində müharibədə istədiyinə nail ola bilməyib və Çin regionda aparıcı rol oynamağa başlayıb:


 



 


“ABŞ-nin məqsədlərindən biri o idi ki, İran zəifləsin və daha çox idarə olunan bir dövlətə çevrilsin. Amma nəticə etibarilə, biz görürük ki, İran və Çin münasibətləri güclənib. İran Çinə sığınaraq Çindən dəstək aldı. Fars körfəzindəki müharibədən xeyir götürən tərəflərdən biri və qələbə çalan tərəflərdən biri də Çin oldu. Müharibədə birbaşa iştirak etməyərək, regionda öz maraqlarını təmin etdi. Bu məsələdə Çinə ən yaxın müttəfiq isə İran oldu. Halbuki, on illər öncə İran bu məsələni Rusiya ilə edirdi. Yəni, İran Yaxın Şərqdə öncə SSRİ-nin, sonra isə Rusiyanın əsas partnyoru idi. Amma Rusiyanın zəifləməsi, Ukrayna müharibəsində bataqlıqda qalmağı, ona gətirib çıxardı ki, Rusiya Yaxın Şərqdə zəiflədi, İranı qoyruya bilmədi, Suriyada istədiyi maraqları təmin edə bilmədi. Yaxın Şərqdə Türkiyə faktoru gücləndi. ABŞ bu yeni reallığı dəyişmək üçün İrana qarşı iki müharibə etdi. Nəticə etibarilə görürük ki, İran Çinlə daha sıx əməkdaşlıq etdi. Çin regional təhlükəsizliyin həm formalaşmasında, həm də qorunmasında müstəsna rol oynayacaq”.


 


Politoloq qeyd edib ki, regionda Çindən başqa, Pakistan, Türkiyə də mühüm rol oynayacaq:


 


“Yeni hərbi alyans yaranır və bu hərbi alyansa Türkiyə, Azərbaycan, Pakistan daxil olacaq. Hətta Fars körfəzinin bəzi ərəb ölkələri, Qətər, Səudiyyə Ərəbistanı, Misir bu alyansa yaxınlaşacaq. Çünki, ABŞ-nin siyasəti ərəb ölkələrinə fəlakət gətirdi. Ərəb ölkələrindəki narazılığın əsas səbəbi odur ki, ABŞ və İsrail İrana qarşı müharibə başlayanda, öz müttəfiqlərinə, yəni ərəb ölkələrinə bu barədə məlumat verməmişdilər. Nəticə etibarilə, ərəb ölkələri ağır zərbələr altında qaldı. Ona görə də, ərəb ölkələri öz mövqeyini dəyişir. Hesab edirlər ki, ABŞ onları öz müttəfiqi hesab etməyib ki, müharibə barədə öncədən məlumat verməyib. Bununla da, ABŞ-nin Yaxın Şərqdə olan dayaqları və nüfuzu zəiflədi. Bu boşluqdan istifadə edən Çin, İranla münasibətlərini möhkəmləndirdi. Eyni zamanda Pakistanda regionda mühüm rollardan birinə malik olacaq”.


 


Niyaz Hacıyev


Sfera.az