Almaniya milli komandasının sabiq müdafiəçisi Niklas Süle cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.
Sfera.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə “Spielmacher” podkastında danışıb. “Bu yay futbolu tərk edəcəyimi elan etmək istəyirəm”, – deyə Süle bildirib. “Borussiya Dortmund”un futbolçusu qeyd edib ki, bu qərar üzərində uzun müddətdir düşündüyü halda, son qərarı Almaniya Bundesliqasının 30-cu turunda “Hoffenhaym”a 1:2 hesabı ilə məğlub olduqları oyunda aldığı diz zədəsindən sonra verib.
Niklas Süle 2022-ci ildən “Borussiya Dortmund”da çıxış edirdi. O, daha əvvəl “Hoffenhaym” və “Bayern Münhen” klublarında da forma geyinib. Təcrübəli müdafiəçi “Bayern Münhen”in heyətində 5 dəfə Almaniya çempionu olub, həmçinin 2 Almaniya Kuboku, 1 UEFA Çempionlar Liqası və 1 UEFA Superkuboku qazanıb. Süle Almaniya millisinin heyətində isə 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunun qalibi olub. O, həmçinin 2016-cı il Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Niyaz Hacıyev
Sfera.az