Dünya tibb ictimaiyyətinin Argentinadan kruiz gəmisinə yayılan nadir və ölümcül hantavirus variantı – “Andes” virusu barədə narahatlıqları artır.
Sfera.az xəbər verir ki, digər hantaviruslardan fərqli olaraq bu virus insanlardan insanlara daha asanlıqla keçə bilir və ölüm nisbəti 40%-ə qədər yüksəlir.
2018-ci ildə Argentinanın cənubundakı Epuyen şəhərində 11 nəfərin ölümünə səbəb olan epidemiyanın arxasında “Andes” virusu dayanır. Virusun təhlükəli xüsusiyyətlərindən biri “super yayıcı” vasitəsilə insanlardan insanlara sürətlə keçməsidir.
Hazırda eyni virus MV Hondius kruiz gəmisində səkkiz sərnişində aşkarlanıb. Cənubi Afrika Milli Yoluxucu Xəstəliklər İnstitutundan Dr. Lucille Blumberq bildirib ki, gəmi ilə əlaqəli üç təsdiqlənmiş və beş şübhəli yoluxma halı qeydə alınıb. Sərnişinlər isə ən azı 45 gün müşahidə altında saxlanılacaq.
“Andes” virusunu izləmək çətindir, çünki yoluxmuş şəxslər 17-40 gün ərzində heç bir simptom göstərmədən həyatlarına davam edə bilirlər. Bu uzun inkubasiya dövrü virusun fərqli şəhərlərə və qitələrə sürətlə yayılmasını asanlaşdırır.
“Andes” hantavirusu ağır pnevmoniya, nəfəs darlığı və yüksək hərarətlə özünü göstərir. Xəstələrin əksəriyyəti reanimasiya dəstəyinə ehtiyac duyur virusun ölüm nisbəti isə yüksəkdir.
Ekspertlər bildirirlər ki, virusun yayılmasının qarşısını almaq üçün yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına riayət etmək və şübhəli hallarda dərhal tibbi yardım almaq həyati əhəmiyyət kəsb edir.
Mənsumə
Sfera.az